“Qəbul imtahanlarına hazırlaşan şagird dərsliklərə deyil, məcburən digər kursların vəsaitlərinə və repetitorlara üz tutmalı olurlar”.
Bu sözləri AzEdu.az-a Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Örnək müəllim” Çinarə Abuzərova söyləyib.
Müsahibimiz qeyd edib ki, Azərbaycan dilindən dil qaydaları ilə bağlı bəzi mövzular fərqli təqdim olunur:
“Dərsliklərdə ən başlıca problem verilən mövzuların şagirdlərin yaş səviyyəsinə uyğun olmamasıdır. Bunu daha çox ədəbiyyat dərsliklərində müşahidə edirik. Şair, yazıçılarımızdan seçilmiş əsərlər maarifləndirici və mənalı olmalıdır ki, şagird özü üçün nəticə çıxara bilsin.
6 və 7-ci sinif dərsliklərində verilmiş bəzi mətnlər buna nümunə ola bilər. İkinci məsələ isə Dövlət İmtahan Mərkəzinin proqramı ilə orta məktəb proqramının bəzi məqamlarda üst-üstə düşməməsidir. Bu uyğunsuzluq qəbul və buraxılış imtahanlarında özünü göstərir".
Müəllimin sözlərinə görə yuxarı sinif Azərbaycan dili dərsliklərində demək olar ki, dil qaydalarından məlumat yoxdur:
“Blok (qəbul) imtahanına hazırlaşan şagird məcburən digər kursların vəsaitlərinə və repetitorlara üz tutmalı olurlar. Digər bir problem ondan Azərbaycan dili dərsliklərində norma pozuntularının olmasıdır. Bu məsələyə kifayət qədər diqqət edilməlidir. Bir məqam da ibtidai sinif dərsliklərinin, yuxarı sinif dərsliklərindən xəbərsiz tərtib olunmasıdır. Azərbaycan dilindən dil qaydaları ilə bağlı bəzi mövzular fərqli təqdim olunur”.