Səhm bazarı beynəlxalq olaraq aktualdır və qlobal iqtisadiyyatda da mühüm rol oynayır. Xarici şirkətlər səhmlərini alıb-sataraq, iqtisadi cəhətdən güclənməyə çalışırlar və qlobal səhm bazarında da yerini tuturlar. Azərbaycanda isə səhm bazarına şirkətlərin yanaşması fərqlidir və ölkəmizdə səhm bazarı yaxşı səviyyəyə gəlməyib. Azərbaycanda səhm bazarının aktiv olmamasının səbəbləri nələrdir? Səhm bazarının aktiv olmaması biznes sektorumuza necə təsir edir?
“Əsas səbəb – alıcı kütləsi yoxdur”
İqtisadçı ekspert Günay Hüseynova Valyuta.az-a açıqlamasında bildirdi ki, səhm bazarının ölkəmizdə inkişaf etməməsinin bir çox səbəbi var: “Birinci səbəb alıcı kütləsinin olmamasıdır. Eyni zamanda, iqtisadi və maliyyə cəhətdən maarifləndirmə zəifdir. Heç bir kəs bilmədiyi sahəyə investisiya yatırmaz, bu sahənin mütəxəssisinə də etibar etməz. Digər faktor səhmlərə əlçatanlığın aşağı olmasıdır. Nümunə üçün Türkiyədəki bank tətbiqlərini göstərmək olar. Təqdim olunan istənilən şirkətin səhmini almaq və sahib olduğu səhmi satmaq olur. Təəssüf ki, bu sistem ölkəmizdə yoxdur. Əgər bu sistem bizdə də olsa, məlumatı olmayan şəxs belə baxıb, araşdırıb öyrənə bilər. Yaxud da səhmlərin qiymətlərinin büdcəyə uyğunluğu problemi olur. Eyni zamanda, səhmini alacağımız şirkətə güvən məsələsi də narahatlıq yaradan məqamlardandır”.
İqtisadçı ekspert deyir ki, vətəndaşlarda maraq yaratmaq üçün ilk olaraq dövlət addım atmalıdır: “Azərbaycanda pulu yastıq altında saxlamağı üstün tutanlar çoxdur. Ən yaxşı halda isə daşınmaz əmlaka yatırırlar. Əhalinin müəyyən hissəsi banklara etibar etmir. Səhm bazarı inkişaf etsə, dövlət müəssisələri səhm buraxsa, vətəndaşların da bu sahəyə marağı yaranar. Özəl müəssisələrə gəldikdə isə, onların əksər qismi tam olaraq inam qazanmayıb. Bağlansa, vətəndaşın pulunun aqibəti necə olar? - sualı narahat edir. Sui-istifadə, dələduzluq halları ola bilmə düşüncəsi vətəndaşları bu bazardan uzaqlaşdırır. Ən əsas faktor insanların iqtisadi və maliyyə savadını artırmaq və səhmləri onların üçün əl çatan etməkdir”.
Səhm bazarı inkişaf etsə, iqtisadiyyat da, biznes də...
G.Hüseynova bildirdi ki, səhm bazarının inkişaf etməsi biznes sektorunun və bununla da iqtisadiyyatın inkişafı deməkdir: “Hazırda ölkəmizdə biznes orta tempdə inkişaf edir. Dünyada gedən səhm alış-satışı prosesinin ölkəmizdəki biznes mühitinə birbaşa ciddi təsiri yoxdur. Səhm bazarının aktiv olmaması təbii ki, bu sahəyə öz təsirini göstərir. Yəni, biznes sahəsi daha da yaxşı inkişaf edə bilərdi. Tutaq ki, bir vətəndaş öz vəsaitini depozit olaraq qoyurdusa, illik ən yaxşı halda 11% əldə edirdisə, biznes mühitində bu, həm vətəndaş, həm də biznesmen üçün daha çox gəlir gətirə bilərdi. Onu da qeyd edək ki, səhm bazarının bu sahədə inkişafı bank sektorunu zəiflədə bilər”.
Sərvanə Rəmixanova