AZ

Azərbaycanda bankların kibertəhlükəsizliyi zəifdir?

Sədr: Kiberdələduzlardan qorunmaq üçün banklar və vətəndaşlar qarşılıqlı şəkildə işləməlidir.

Son illərdə rəqəmsal xidmətlərin sürətli inkişafı ilə bərabər kibertəhlükəsizlik məsələləri də önəmli bir yer tutmağa başlayıb. Bank sektorunda isə bu məsələlər çox vacibdir. Çünki müştəri məlumatlarının və maliyyə əməliyyatlarının qorunması, həmçinin etibarlı xidmətlər təqdim edilməsi üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri tələb olunur.

Azərbaycanda bankların kibertəhlükəsizliyi necə qorunur?

Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) sədri, İT üzrə mütəxəssis Elvin Abbasov Operativ Media-ya açıqlama verib. 

O, bu məsələnin çox aktual olduğunu və kiberdələduzlardan qorunmaq üçün banklar və vətəndaşın qarşılıqlı şəkildə işləməsinin önəmini vurğulayıb:

"İlk olaraq qeyd edim ki, bu məsələdə həm bank xidmətləri, həm də vətəndaşın bank xidmətlərindən istifadəsi qaydalarını nəzərə almalıyıq. Həm bankın, həm də istifadəçinin təhlükəsizlik məsələlərinə necə əməl etdiyi önəmli məsələdir. Hər zaman qeyd etdiyimiz kimi burada əsas məsələ maariflənmədir. Banklar nə qədər təhlükəsizlik xidmətlərini artırsalar və inkişaf etdirsələr də vətəndaş maariflənməyibsə və bu istiqamətdə səhlənkarlıq edirsə istənilən yüksək səviyyəli təhlükəsizlik tənzimləmələri heç bir nəticə verməyəcək. Təbii ki, günümüzdə bir çox xidmətlər elektron səviyyəyə keçib. Yəni, kiberdələduzluğun intensiv şəkildə artması gözlənilən idi. 

Təbii ki, banklar öz növbəsində təhlükəsizlik tənzimləmələrindəki funksiyaları artırmalıdır. Bu funksiyalar hazırda iki tənzimləmə, biometrik, limitləmə, digital park kimi bir çox funksiyalardan istifadə edilərək tətbiq olunur. Və bu funksiyalar vətəndaş tərəfindən könüllü şəkildə aktivləşdirilir.

Azərbaycandakı bütün bank xidmətlərində müasir çağırışlara cavab verən təhlükəsizlik funksiyaları aktivdir. Sadəcə vətəndaş onu aktivləşdirməlidir. Təbii ki, bank bütün təhlükəsizlik funksiyalarını aktiv şəkildə vətəndaşa təqdim edə bilmir. Çünki bu könüllü haldır. Vətəndaş öz profilini istənilən təhlükəsizlik xidməti səviyyəsində özü tənzimləməlidir.  Amma hər halda, bank daha təhlükəsiz xidmət vermək və etibarlılığını artırmaq üçün müxtəlif yeni yanaşmalar da tətbiq edə bilər". 

Sonda mütəxəssis bildirib ki, Azərbaycanda kiberdələduzluğun azalması üçün maarifləndirmə əsasdır:

"Burada vətəndaşın maariflənməsi və rəqəmsal savadlılığı çox böyük əhəmiyyət daşıyır. Azərbaycanda kiberdələduzluğun azalması və qarşılaşdığımız çətinlik maarifləndirmə problemini həll etməkdir. Banklarda yüksək tənzimləmə funksiyaları olsa da, düzgün istifadə edilmədikdə dələduzluq hadisələri baş verəcək. Bunun üçün də əsas məsələ vətəndaşın üzərinə düşür. Yəni vətəndaş bilməlidir ki, fərdi məlumatlar, şifrə və bank kartı məlumatlarını nəyinki tanımadığı şəxslərə, həm də ikinci və üçüncü şəxslərə ötürməməlidir. Tanımadığı insanlardan gələn mesajlardakı linklərə daxil olmamalı və saytlara girməməlidir. Eyni zamanda, hər mobil tətbiqi telefona yükləmək olmaz. Bunların hər biri kiberdələduzlar üçün fürsət yaradır və kibertəhlükəsizliyi poza bilər. Amma istənilən halda, banklar artıq bu sahədə yeni yanaşmalar tətbiq etməlidir".

Seçilən
6
operativmedia.az

1Mənbələr