AZ

Dəhliz açıldığı zaman İran məcbur olub buna razılıq verəcək: “Çünki başqa yolu da qalmır”

“İran tərəfinin Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu hər kəsə məlumdur. Erməni politoloq yeni nəsə “Amerika kəşf etmir”. “3+3” formatının tərəfləri olan ölkələrdən yalnız İran dəhlizin açılması üçün son çabalarını göstərir. Ən çox da Türkiyə və Azərbaycana görə Tehran dirənir”.

Bu fikirləri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı erməni politoloq Abraam Qasparyanın yerli mediaya müsahibəsində İranın zəngin şəxsləri, siyasi elitası və dini təbəqəsinin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğu barədə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Abraam Qasparyan belə fikirlərlə öz ölkəsinin rolunu artırmaq düşüncəsindədir:

“Amma sual olunur. Siz kimsiniz? Ölkə olaraq o varlığınız yetirmi ki, İrana hansısa təkliflər edəsiniz? Sonunda cənub qonşumuz Türkiyə və Azərbaycanın təzyiqi ilə dəhlizin açılmasına razılıq verəcək. Rusiyanın da təbii ki, burada Türkiyə faktoruna görə rolu olacaq. Yəni bir sözlə Ermənistan burada təklif verəcək ölkələrdən biri sayıla bilməz. Sadəcə onların işi sonunda imzalanacaq sənədə qol çəkməkdir. Abraam Qasparyan İranın ermənipərəst mövqeyindən çıxış edərək, bir növ ümidlənərək belə fikirlər səsləndirir. Paşinyan da bu düşüncədə ola bilər. Amma İran da elə dövlət deyil ki, Rusiyanı kənarda qoyub onun forpostu olan ölkə Ermənistanla dəhliz məsələlərini müzakirə etsin. Yaxud da Cənubi Qafqazın lideri ölkəsi Azərbaycanı və ya türk dünyasının lider dövləti Türkiyəni…Dəhlizin keçəcəyi yollar müəyyən edilməmiş deyil. Məhz bunun üçün də İran dirənir. Daha erməni tərəfin xahişi ilə nəsə bir dəyişiklik olacacağı mümkünsüz görünür. Buna öncəliklə Azərbaycan və Türkiyə razılıq verməz”.

Siyasi şərhçi İran tərəfinin narahatlıqlarının aradan qalxmayacağını da düşünür: “Bu narahatlıqlar daim davam edəcək. Dəhliz açıldığı zaman İran məcburiyyət qarşısında qalıb buna razılıq verəcək. Çünki başqa yolu da qalmır. Uzun illərdir sanksiyalar altında inildəyir. Qərblə kövrək münasibətlərə malikdir. Region ölkələri ilə də münasibətləri soyuqlaşdıran deyil. Düşünürəm ki, yaranmış stiuasiyadan maksimum yararlanmaq lazımdır. Çünki İran “ipinin üstünə odun yığılacaq” dövlət deyil. Əlinə imkan düşdüyü an dəhlizin açılmaması üçün bütün gücünü sərf edəcək. Doğrudur, burada Gürcüstanın da Rusiya ilə bağlı münaqişəsinə görə narahatçılığının olduğu bilinməmiş deyil. Amma bu problem düzələndir. Xüsusilə, hazırda Gürcüstanda iqtidarda olanların Rusiya ilə münasibətlərinin normal olduğunu nəzərə alıb bunu düşünməliyik. Həm də Gürcüstan əvvəlki Gürcüstan deyil. Xüsusilə, Qərb dairələrinin bilavasitə rolu ilə son baş verən hadisələrdən sonra rəsmi Tiflis üzünü regiona çevirmək niyyətindədir. Gürcü baş nazirin son olaraq Cənubi Qafqaz ölkələrinə səfərləri bunu sübut edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr