AZ

"Fiziki tərbiyə dərsləri əyləncəli yox, maraqlı keçməlidir"

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 88 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Könül Əliyeva oldu.

- Könül xanım, neçə ildir fiziki tərbiyə müəllimi olaraq çalışırsınız?

- İlk pedaqoji fəaliyyətimə 2018-ci ildə Bakı şəhəri 206 nömrəli tam orta məktəbdə başlamışam. 2020/21-ci tədris ilində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasında Mütəhərrik oyunlar fənnini tədris etmişəm. 2023-cü ildə direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edərək Bakı şəhəri Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin olunmuşam. Ali məktəb tələbələri və müəllimlik fəaliyyətinə yeni başlayanlar üçün nəzərdə tutulmuş "Peşəkarlığa atılan ilk addım” adlı metodik vəsaitin, eyni zamanda 5-ci və 6-cı sinif fiziki tərbiyə dərsliklərinin və müəllim üçün metodik vəsaitlərin müəllifiyəm. 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Yaradıcı müəllim” müsabiqəsində iştirak etmiş və 1-ci yerə layiq görülərək müsabiqənin qalibi seçilmişəm.

- Şagirdlər üçün tətil başa çatdı və uşaqlar məktəblərə geri qayıtdılar. Fiziki tərbiyə dərsi üçün darıxmışdılarmı?

- Ümumiyyətlə, hər birimiz bilirik ki, fiziki tərbiyə fənni şagirdlərin əksəriyyətinin böyük həvəs və maraq göstərdiyi fənlərdən bəlkə də birincisidir. Onlar zehni fəaliyyət tələb edən dərslərdən ayrılaraq yorğunluqlarını müəyyən qədər fiziki tərbiyə dərslərində azaltmağa çalışırlar. Bu səbəbdən şagirdlər, xüsusilə fiziki aktivlikdən uzaq olan şagirdlər yaranmış fasilədən sonra fiziki tərbiyə dərslərinin keçiriləcəyi günləri səbirsizliklə gözləyirdilər.

- Ümumilikdə orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?

- Zənnimcə, fiziki tərbiyə fənninin keyfiyyəti müxtəlif məktəblərə görə dəyişə bilər. Çünki tədrisin keyfiyyəti effektiv təlim metodlarından, proqram materiallarının mənimsənilməsi üçün uyğun resursların təminatından və ən əsası, müəllimin peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır.

- Bəs, fiziki tərbiyə müəllimləri dərsləri hansı səviyyədə, necə aparırlar?

- Nəinki fiziki tərbiyə müəllimləri, ümumiyyətlə, istənilən peşə sahibinin işinin səviyyəsi onun öz işinə olan məsuliyyətindən və peşəkarlığından asılıdır. Burada söhbət müəllimdən gedirsə, bu məsuliyyət ikiqat artır. Çünki bir müəllim öz fənnini nə qədər dərindən bilsə də, eyni zamanda onun öyrətmə qabiliyyəti də yüksək səviyyədə olmalıdır.

- Qeyd etdiniz ki, şagirdlərin bu fənnə marağı yüksəkdir. Onların diqqətini daha çox cəlb etmək, uşaqları əyləndirmək üçün hansı işlər görülür?

- Şagirdlərin diqqətini dərsə cəlb etmək üçün əvvəlcə onlarda bu fənnə maraq yaratmaq önəmlidir. Mən dərsin əyləncəli keçməsindən daha çox maraqlı keçməsinin tərəfdarıyam. Çünki fikrimcə, əyləncə qısa bir vaxt üçün şagirdlərin diqqətini cəlb etsə də, təlimin keyfiyyətinə müsbət təsir göstərmir, çox vaxt şagirdlərin dərsə qeyri-ciddi münasibətinə səbəb olur. Maraq isə əksinə, dərsə ciddi münasibət yaradır, şagirdlərin yaradıcılığını artırır, fiziki tərbiyə dərslərində oyunların, fiziki hərəkətlərin şüurlu sürətdə mənimsənilməsini yüksəldir.

Qeyd etdiyim kimi, şagirdlərin əksəriyyəti fiziki tərbiyə dərslərində böyük həvəslə iştirak edirlər. Bu səbəbdən onların diqqətini dərsə cəlb etmək, dərslərə maraq yaratmaq müəllimlər üçün elə də çətinlik yaratmır. Sadəcə çalışmalıyıq ki, fiziki tərbiyə dərsinin məqsədindən uzaqlaşmadan dərsləri şagirdlərin maraq dairəsinə uyğun formada quraq.

- Orta məktəblərdə fiziki tərbiyə dərslərini təşkil etmək üçün lazımi şərait varmı? İdman zallarının, meydançaların durumu qənaətbəxşdirmi?

- Əvvəlki dövrlərlə müqayisədə bütün sahələrdə olduğu kimi bu sahədə də xeyli irəliləyiş müşahidə olunur. Son illər dövlətimiz tərəfindən orta məktəblərdə aparılan təmir işləri və yenidənqurma layihələri təhsil sistemimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə idman zalları və meydançaların vəziyyətinin yaxşılaşdırılması, şagirdlərin sağlam və aktiv həyat tərzi sürməsi üçün çox mühüm rol oynayır. Yenilənmiş idman zalları müasir avadanlıqlarla təchiz olunur ki, bu da şagirdlərin müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaradır.

- Maraqlıdır, şagirdləriniz daha çox hansı idman növünü sevirlər? Onlar idman yarışlarında iştirak edirlərmi?

- Şagirdlərin müxtəlif idman növləri üzrə həm məktəbdaxili, həm də məktəbdənkənar yarışlarda iştirakı təmin edilir. Bu yarışlara futbol, basketbol, voleybol, tennis, şahmat və s. idman növləri üzrə yarışları misal göstərmək olar. Mütəmadi olaraq belə yarışların keçirilməsi də şagirdlərin fiziki tərbiyə fənninə, idmana olan marağını artırır. Təbii ki, istedadlı uşaqlar kifayət qədərdir. Mən çalışdığım məktəbdə işimlə əlaqədar olaraq demək olar ki, bütün uşaqlarla ünsiyyətdə oluram, müşahidələr aparıram. Bu səbəbdən deyərdim ki, məncə, bütün uşaqlar müxtəlif sahələr üzrə istedadlıdırlar. Sadəcə biz müəllimlər uşaqların bu istedadlarını aşkarlamalı və onların üzə çıxarılmasına dəstək olmalıyıq. İxtisasım üzrə isə deyə bilərəm ki, xüsusən oğlan şagirdləri daha çox bütün dünyada da məşhur olan idman növünə - futbola böyük maraq göstərirlər. Qızlar arasında isə ən məşhur idman oyunu voleyboldur.

- Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini daha da artırmaq üçün hansı addımlar atılmalıdır?

- Hal-hazırda ölkəmizdə idmana dəstək kifayət qədərdir. Gənclər arasında idman mədəniyyətinin inkişafı və sağlam həyat tərzinin təbliği üçün müxtəlif layihələr həyata keçirilir. Dövlətimiz beynəlxalq və yerli idman tədbirlərinə ev sahibliyi edir. Bu tədbirlər ölkəmizdə idmanın populyarlaşmasına və Azərbaycanın idman imicinin yüksəlməsinə kömək etməklə yanaşı yeniyetmə və gənclərin də idmana marağını artırmış olur.

- Digər bir məsələ uşaqları pis vərdişlərdən uzaqda tutmaqdır. Fikrinizcə, buna nail olmaq, şagirdləri təhsilə və idmana bağlamaq üçün hansı layihələr həyata keçirilməlidir?

- Şagirdləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda idmana maraq yaratmaq üçün bir sıra layihələr həyata keçirilir. Mənim müəllim yoldaşlarımla birgə təşkil etdiyimiz bir layihə haqqında məlumat vermək istərdim. Sağlam Həyatın Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Abad həyət, sağlam həyat” adlı layihə keçirmişdik. Bu layihə müasir kompüter texnologiyalarının inkişafı ilə əlaqədar olaraq uşaqların daha çox ağıllı telefonlara meyl göstərməsi və unudulmaqda olan xalq oyunlarımızın təbliğinə yönəlib. Layihə çərçivəsində məhəllələrdə uşaqlarla müxtəlif xalq oyunları və mütəhərrik oyunlar keçirilmiş və onlarla bu oyunlar barədə maarifləndirici söhbət aparılmışdır. Bu və digər layihələr həqiqətən də şagirdlərin böyük marağına səbəb olur.

- Könül xanım, şagirdlərinizə idmanla məşğul olmaq üçün necə motivasiya verirsiniz?

- Məktəbdaxili idman yarışları təşkil edirik. Qalib komandalara məktəb rəhbərliyi tərəfindən diplomlar və hədiyyələr təqdim edirik. Bu cür yarışları şagirdlər böyük səbirsizliklə gözləyirlər. Hətta bəzən özləri də yarışların təşkili ilə bağlı müəyyən təkliflərlə müraciət edirlər.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Seçilən
1
teleqraf.com

1Mənbələr