AZ

Rusiya “Lotos” ÖAQ-ı ilk dəfə Əbu-Dabidə nümayiş etdirəcək

Rusiyanın “Kalaşnikov” konserni 120 mm-lik “Lotos” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) ilk dəfə IDEX-2025 beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirəcək.

Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.

“Kalaşnikov” konserninin Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutu (TsNIITOCHMASH) tərəfindən perspektivli “Lotos” ÖAQ 1981-ci ildən silahlanmada olan “Nona” özüyeriyən artilleriya qurğusunu əvəzləmək üçün hazırlanıb. İlkin sınaqlar zamanı “Lotos”, “Nona-SM” modelini aşağıdakı parametrlər üzrə üstələməyi bacarıb:

Standart qəlpə-fuqas mərmiləri ilə daha uzaq məsafədən atəş açmaq qabiliyyəti;

Daha çox döyüş sursatı daşımaq imkanı;

Əsas qəlpə-fuqas mərmisinin gücü baxımından daha yüksək göstəricilər.

“Nona-SM” ilə müqayisədə bir sıra digər əhəmiyyətli üstünlüklərə sahib olan “Lotos” atəşin tezliyini və dəqiqliyini artıran avtomatlaşdırılmış tuşlama sistemləri ilə təchiz edilib. O, döyüş sursatlarının yerləşdirilməsini mexanikiləşdirən sistemlərə malikdir ki, bu da doldurucu heyətin işini asanlaşdırır və sürətləndirir. Həmçinin döyüş heyətinin zirehli qorunma səviyyəsi əvvəlkilərlə müqayisədə daha yüksəkdir.

“Lotos” paraşüt eniş sistemlərindən istifadə etməklə hərbi nəqliyyat təyyarələrindən içəridə olan döyüş heyəti ilə birlikdə tam döyüşə hazır vəziyyətdə havadan buraxılmağa qadirdir. O, istifadəçiyə müxtəlif tipli döyüş mövqelərindən atəş aparmağa imkan verir. Qüllənin dairəvi fırlanması üfüqi olaraq ±360 dərəcə diapazonda atəş açmağı təmin edir.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov, KİV nümayəndələrinə “Lotos” özüyeriyən artilleriya qurğusunun dövlət sınaqlarına başlanıldığını bildirmişdi. Hazırda keçirilən dövlət sınaqlarında ÖAQ-ın tərtibatçılar tərəfindən elan edilən xüsusiyyətləri təsdiqlənir. Sınaqlar çərçivəsində artilleriya qurğusunun bütün imkanları yoxlanılacaq.

Seçilən
11
poliqon.az

1Mənbələr