AZ

Bəstəkar Bəhram Nəsibovun musiqi irsi necə qorunur? QHT sədrindən AÇIQLAMA

“Bəhram Nəsibov Yaradıcılığının Təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib ki, birliyin əsas məqsədi Azərbaycançılıq məfkurəsinə töhfə vermək və görkəmli bəstəkar Bəhram Nəsibovun yaradıcılığını geniş kütləyə tanıtmaqdır.

Bu istiqamətdə fəaliyyətini uğurla davam etdirən birlik, həm daxili imkanlar hesabına, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin qalibi kimi maliyyələşdirildikdə, gənc nəsil arasında Bəhram Nəsibovun əsərlərinin təbliğinə xüsusi önəm verib:

"2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə birlik tərəfindən bir sıra mühüm layihələr həyata keçirilib. Bunlara “Bəhram Nəsibov yaradıcılığında Azərbaycançılıq məfkurəsi və Heydər Əliyevin 95 illik yubileyi” albomu, “Ailə cizgiləri” sosial çarxı, bəstəkarın əsərlərinin not yazılarından ibarət “Nəğmələrdə yaşayan ömür” altı cildlik kitabının ilk iki cildi və Azərbaycanın tarixi, şəhidləri haqqında ətraflı məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik kitabı daxildir. Bundan əlavə, araşdırmaçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabı, “Azərbaycançılığın musiqili təqdimatı” adlı jurnal və bir sıra musiqi layihələri gerçəkləşdirilib. Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mahnı və marşlardan ibarət jurnalın nəşri də bu fəaliyyətin tərkib hissəsidir. Mədəniyyət Nazirliyi ilə birgə Dövlət Akademik Filarmoniyasının səhnəsində Bəhram Nəsibov yaradıcılığına həsr olunmuş konsert, “Mədəniyyət paytaxtı” film-konserti təşkil olunub. Bəstəkarın neft sənayesi və ekologiya mövzusunda yazdığı marş və mahnılardan ibarət “Ekoloji təmiz qara qızıl” toplusu isə “Əsrin müqaviləsi”nin 30 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilərək nəşr olunub".

Adil Nəsibov vurğulayıb ki, birlik gələcəkdə də Bəhram Nəsibovun zəngin irsinin tanıdılması və Azərbaycan mədəniyyətinə töhfə vermək üçün fəaliyyətini davam etdirəcək.

 

Pərvanə Fərhadqızı

Seçilən
15
qht.az

1Mənbələr