AZ

Azərbaycanda startap ekosisteminin əsas problemləri - “Real startapçılar kənarda qalır”

Dünyada startap ekosistemi sürətlə inkişaf edən və innovasiyaya yönəlmiş iqtisadi sektor kimi formalaşıb. ABŞ, Avropa və Asiya startap sahəsində lider mövqedədir və hər il minlərlə yeni startap bazara çıxır. Lakin Azərbaycanda startap ekosistemi qeyd etdiyimiz ölkələrdən daha fərqlidir. Ölkəmizdə bu istiqamət son illərdə inkişaf etməkdədir. Lakin inkişafla bağlı bir çox problemlərin mövcudluğu da danılmazdır. Azərbaycanda startap ekosisteminin inkişafı ilə bağlı mövcud problemlər hansılardır?

KidFi startapının həmtəsisçisi Asif İbrahimov Valyuta.az-a bildirdi ki, Azərbaycan startap ekosistemində olan problemlərin bir neçə kökü var. Startapçıların özləri, startap edən şəxslər, dövlət tərəfindən dəstəyin düzgün qaydada olunmaması və dövlət tərəfindən startaplara olan yanaşma: “Startaplar bizdə təəssüf ki, daha çox “fors” halını alıb. Bəzi startap etmək istəyənlər fərqli tədbirlərə pulsuz giriş əldə edir, çıxışlar edir, inandırdıqları halda hətta investisiya alır, sonra  layihədən başqa istənilən məqsədlərdə istifadə edirlər. Startapçılar yaratdığı startapa ciddi yanaşmır, daha çox müvəqqəti qazanacağı bir gəlir yeri, müvəqqəti lazım olan adamlarla tanış ola biləcəyi bir ətraf kimi baxırlar. Startapa sadəcə pul qoparacaqları bir sahə kimi baxırlar. Sektorda ciddi şəxslərlə yanaşıl, bu tip adamlar da olduğu üçün startaplarımız inkişaf etməkdə çətinlik çəkir”.

“Real startapçılar kənarda qalır”

A.İbrahimov bəzi startapçıların qarşılaşdığı güvən problemindən danışdı: “Real startap edən, müştəri problemini həll edən, startapı real olaraq inkişaf etdirmək istəyənlər geridə qalmış olur. Amma  müvəqqəti startap edib investisiya alıb, sona qədər gətirib çıxarmayanlara görə bu gün ciddi startapçılara da inanılmır. Ölkədə müəyyən startap edənlər var ki, hər bir-iki ildən bir  startap edir, investisiya alır, öz xeyrinə görə xərcləyir. Daha sonra müştərilərdə tələbat yaratmadığı bəhanəsini ortaya qoyaraq başqa startaplara keçirlər”.

“Startaplar xarici bazarlara üz tutmaq məcburiyyətində qalır”

A.İbrahimov bildirib ki, dövlət tərəfdən yanaşma da ölkəmizdə startap ekosisteminin inkişafında böyük rol oynayır: “Bizdə dövlət innovativ həllərin çoxunu özü etməyə çalışır. Yəni, bunları dövlət özü etdiyi halda startaplara ölkədə innovasiya etməyə ehtiyac qalmır. Bu zaman da startap edənlər xarici bazarlara üz tutumalı olurlar. Bu halda da ölkənin innovasiya reytinqi qalxmır. Çünki startap edənlər xaricə gedir və startaplarını başqa ölkədə həyata keçirirlər”.

“Strartaplara kifayət qədər dəstək olunmur”

A.İbrahimov Azərbaycanda startap ekosisteminin inkişafında dövlətin göstərə biləcəyi dəstəkdən danışdı: “Ölkəmizdə startapla bağlı kifayət qədər tədbirlər keçirilir, amma bu tədbirlər də daha çox sənəd üzərindədir. Əslində tədbirlərin mahiyyəti, nəticəsi olmalıdır ki, onun əsasında bir nəticələr ortaya çıxsın. Yəni startaplar hansısa tədbirlərə göndərilirsə, dəqiq adamlarla görüşdürülməli, onlara imkanlar açılmalıdır. Bundan başqa, dövlət strukturlarında və hər hansı bir orta və ya böyük bizneslərdə bəzi bürokrativ proseslərə görə startapların çıxışları əngəllənib”. 

“Dövlət startaplara dəstək durmalıdır”

A.İbrahimov qeyd etdi ki, dövlət bu sahədə müəyyən imtiyazlar təqdim etməlidir: “Dövlət startaplar üçün xüsusi imkanlar təqdim etsə, bazara töhfə vermis olar. Məsələn, startaplar məhsul aldığı zaman vergidən azad olunsa, şirkətlər daha ucuz qiymətə məhsul ala bilərlər. Çünki xaricdən alınan məhsul dəfələrlə baha alınır, xarici valyuta ödənir, həssas müştəri məlumatları xaricdə saxlanılır. Ona görə də dövlət tərəfindən startaplara dəstək olunmalıdır ki, onların yerli şirkətlərə satış etmələri daha da asanlaşsın”.

Sərvanə Rəmixanova

Seçilən
37
valyuta.az

1Mənbələr