Ağcabədi Rayon İcra Hakimiyyətində kütləvi informasiya vasitələrindən, o cümlədən, dövlət orqanlarının öz sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, video-konfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif video-çarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin, həmçinin 3 və 5 saylı körpələr evi-uşaq bağçalarının kollektivləri iştirak edib.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov və Ağcabədi 1 saylı mediasiya təşkilatının direktoru Aygün Kərimova çıxış edərək qeyd ediblər ki, informasiyanın çəkisinin artdığı indiki dövrdə onu cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin müasir dövrdə cəmiyyətə təsir imkanları xeyli genişlənib. Müasir informasiya texnologiyaları artıq cəmiyyətin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edərək, bütövlükdə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu amilləri nəzərə alaraq əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi və əməl edilməsi hər kəsə tövsiyə olunur.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib. Mövzu ilə bağlı verilən suallar ətraflı şəkildə cavablandırılıb.