Bakı, TurkicWorld
Braziliyada yeni qəbul edilən qanuna əsasən, tələbələr müəllimlərinin icazəsi olmadan sinif otaqlarında və koridorlarda smartfondan istifadə edə bilməyəcəklər.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Prezident Luiz İnasio Lula da Silva yanvar ayında ABŞ və Avropadakı tendensiyalara uyğun olaraq bu qanunu imzalayıb.
Qanuna görə, telefonlardan yalnız təhsil məqsədilə və ya təcili sağlamlıq ehtiyacları üçün istifadə oluna bilər. Məktəblər cihazların kürək çantalarında, şkaflarda və ya xüsusi yerlərdə saxlanılması ilə bağlı öz qaydalarını müəyyən edə bilərlər.
Braziliyanın İnternet İdarəetmə Komitəsinin keçən il keçirdiyi sorğuya əsasən, ölkənin 26 əyalətinin əksəriyyəti və məktəblərin üçdə ikisi artıq telefon istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq edib. Lakin məmurlar müxtəlif qaydalar səbəbilə onların tətbiqində çətinlik çəkirdilər.
Braziliyanın Təhsil Nazirliyi bildirib ki, yeni məhdudiyyətlər tələbələrin əqli və fiziki sağlamlığını qorumaqla yanaşı, texnologiyadan daha səmərəli istifadəyə təşviq edir.
Qeyd edək ki, Fundacao Getulio Vargas universitetinin araşdırmasına görə, Braziliyanın 203 milyonluq əhalisi üçün 258 milyon smartfon var. Yerli bazar araşdırmalarına əsasən, braziliyalılar gündə orta hesabla 9 saat 13 dəqiqə ekran qarşısında vaxt keçirirlər ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
Porto Segurolu 13 yaşlı tələbə Mariana Waetge telefon istifadəsinin məhdudlaşdırılmasının ona dostları ilə yeni ünsiyyət yolları tapmağa, diqqətini artırmağa və ailəsi ilə münasibətlərini gücləndirməyə kömək etdiyini bildirib.