AZ

Arıqladır, həm də öldürür- qəbul etdiyimiz "sibutramin" nədir...

Image

Leyla Sarıyeva: “Arıqladıcı çay və kofelər qara ciyərə ciddi təsir edir”

Gözəl və formada olmaq hər bir qadının arzusudur. Amma bu gözəllik uğrunda ölümlə nəticələnəcək yollara üz tutmağı yəqin heç kim istəməz. Düzdür, gözəllik qurban tələb edir. Amma bu, insanın sağlamlığına fəsad verib onun həyatı ilə nəticələnməməlidir. 

Qeyd edək ki, “Arıqlama çayı və qəhvələri” ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan məhsulların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib. Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda qeyd olunur ki, ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməlidir.

Qeyd edək ki, son zamanlar arıqladıcı çay və kofelərin piarı geniş şəkildə aparılır. Artıq çəkidən əziyyət çəkən insanların arıqladıcı çay və ya kofe ilə arıqlamasının mümkün olduğunu təbliğ edirlər.

“Bitki mənşəli hər hansı bir çay insanlarda arıqlamaya səbəb olursa, bu, insan orqanizminin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir”

Dietoloq Leyla Sarıyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, piylənmə müasir cəmiyyətimizin ən qlobal səhiyyə problemlərindən biridir. Hər artıq çəkidən əziyyət çəkən insan uzun illər yığdığı çəkidən tez bir zamanda və rahat şəkildə azad olmaq istəyir. Bu da onları bəzən yanlış addımlara sövq edir: “Arıqladıcı dərman, kofe, çay və kokteyllərin çox ciddi fəsadları var. Satışda olan 70 faiz arıqladıcı çay, kofe və kokteyl adı altında olan bu kimi məhsullara çox zəhərli, insan orqanizminə mənfi təsir göstərən maddələr əlavə olunur. Arıqladıcı çay və kofelər qara ciyərə ciddi təsir edir. Arıqladıcı məhsulların tərkibində olan bütün maddələr qara ciyər və mədəaltı vəzə dağıdıcı təsir göstərir. Hətta bunlar qara ciyərin transplantasiyasına belə səbəb ola bilər. Yəni qara ciyəri ümumiyyətlə sıradan çıxarır. Görün, bunların tərkibində nə qədər ciddi maddələr var. Həmçinin, insanda görmə qabiliyyətinə və beyin qan dövranına ciddi təsir edir. Bu məhsullar insanı özündən asılı edir. Belə ki, insan onu dayandırdıqdan sonra aclıq hormonu çox yüksəlir. Ciddi dırnaq çürüməsi, saç tökülməsi, dəridə quruluq və s. yaradır. İnsanı vaxtından əvvəl qocaldır, qadınlarda aybaşı dövriyyəsini pozur, yumurtalıqlara zərər verir. Həmçinin güclü sümük ağrıları və çəkinin sürətlə artımı baş verir. Sibutramin tərkibli mayelər xərçəngin yaranmasına səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, arıqlama çayları, yaxud kapsullar şəklində arıqlama həbləri biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Bu zaman istehlakçıları aldatdıqları və ən çox istifadə etdikləri üsul bunların bitki mənşəli olması ilə bağlıdır: “Bir məhsulun bitki mənşəli olduğunu demək onun hər zaman faydalı olduğunu göstərmir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, yan təsirləri də var. Əgər bitki mənşəli hər hansı bir çay insanlarda arıqlamaya səbəb olursa, bu, insan orqanizminin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Çünki bunlar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır. Bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi, eyni zamanda bağırsaq mikroflorasının pozulması ilə nəticələnir. Belə olan halda insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur”.

Günel CƏLİLOVA





Seçilən
48
baki-xeber.com

1Mənbələr