AZ

Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

Image

Xəyal Bəşirov: “Primakovun fikirləri  reallığı əsk etdirmir, bu absurd iddiadır”

Bildiyiniz kimi, Bakıda “Rus Evi”nin fəaliyyəti dayandırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. 

XİN sözçüsü Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuata deyib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib: “Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”.

A.Hacızadə vurğulayıb ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalının efirində Bakıda Rusiya Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyata alınması ilə bağlı dəfələrlə Azərbaycan hökumətinə müraciət edildiyini, müraciətə cavab verilmədiyini bildirib.

Təbii ki, “Rus Evi” Azərbaycanla bağlı xoşagəlməz işlərlə məşğul olub. Hətta mətbuatda gedən materiallarda qeyd olunurdu ki,     “Rossotrudniçestvo” adlanan qurumun tabeliyində olan “Rus ev”ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ, casusluqla məşğul olurlar. Məlumata görə, ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu “evlər”ə nəzarət edən “Rosssotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdan tələb olunub.

Göründüyü kimi, bu qurumun adı həm casusluqda, həm də ləyaqətsiz layihələr həyata keçirməkdə çəkilir. Qeyri-rəsmi fikirlərə görə, “Rus Evi”nin fəaliyyəti Azərbaycan dövlətinin prinsipləri ilə üst-üst düşmədiyinə görə fəaliyyəti dayandırılıb. Primakov isə, “biz dəfələrlə müraciət etsək də, “Rus Evi”ni Azərbaycan qeydiyyata almayıb” deməklə bunun məsuliyyətini Azərbaycanın üstünə qoyur. Guya onlar dəfələrlə müraciət ediblər, qurumun qeydiyyata alınması üçün sənədləri göndəriblər, amma Azərbaycan qeydiyyata almayıb.  

“Azərbaycan dövləti “Rus Evi”nin qeydiyyatına imkan yaratmaq istəməsəydi nə üçün Bakının mərkəzində onun fəaliyyətinə icazə verirdi?”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Rus Evi” ilə bağlı məsələ artıq uzun illərdir gündəmdədir: “Rusiyanın “Rossotrudniçestvo” adlı agentliyinin ayrı-ayrı ölkələrdə, o cümlədən də Azərbaycanda nümayəndəliyi - “Rus Evi” fəaliyyət göstərib. “Rus Evi”nin hüquqi şəxs kimi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qeydiyyatından keçmədiyi artıq hər kəsə bəllidir. 2015-ci ildən bağlanana qədər bu təşkilat Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərib. On il qanunsuz fəaliyyət göstərməsi ilə bağlı məsələ qalxandan, xoşagəlməz hallarla bağlı məlumatlar yayılandan sonra, təbii ki, onun bağlanması gündəmə gəlib. “Rossotrudniçestvo”ya rəhbərlik edən Primakovun iddiasına görə, onlar qeydiyyat üçün dəfələrlə müraciət ediblər, amma Azərbaycan hökuməti “Rus Evi”nin qeydiyyata alınması üzrə müraciəti nəzərə almayıb. Fikrimcə, Primakovun fikirləri   reallığı əks etdirmir, bu absurd iddiadır. Nə üçün? Çünki bu məsələ qalxanda Primakovun belə bir fikri yox idi. Əgər həqiqətən də belə bir müraciət etmiş olsaydılar Primakov onu indi yox, əvvəllər deyərdi. Çünki “Rus Evi”nin Azərbaycanda qeydiyyatsız fəaliyyəti  məsələsi bu gün qalxmayıb, xeyli vaxtdır ki, bu məsələnin müzakirəsi gedir. Bunların dəfələrlə Azərbaycana müraciət etməsi və Azərbaycanın “Rus Evi”ni qeydiyyatdan keçirməməsi gerçək olsaydı, onlar bu məsələ qalxan kimi dərhal reaksiya verərdilər. Eyni zamanda Azərbaycan dövlətinə etdikləri müraciətlərin surətlərini ortaya qoyardılar. Təbii ki, müraciət şifahi olmur, yazılı olur, müvafiq sənədlər toplanır təqdim olunur və sair. Nəzərinizə çatdırım ki, Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı, yaxud xarici hüquqi şəxslərin filiallarının, nümayəndəliklərin qeydiyyatı Azərbaycan Respublikasının Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Reyestri Haqqında Qanunu ilə tənzimlənir. Həmin o qanuna uyğun olaraq müraciət etməyin qaydaları var. Müvafiq sənədlər toplanır, yazılı şəkildə müraciət olunur. Belə bir hal olubsa, onlar dərhal o sənədləri təqdim edərdilər”. 

X.Bəşirov qeyd etdi ki, “Rus Evi” xoşagəlməz, dövlətlərarası ikitərəfli münasibətlərə xələl gətirəcək fəaliyyətlə məşğul olub. “Bununla bağlı əlimdə mötəbər dəlillər, sübutlar olmasa da, amma bu barədə çoxlu iddialar var. Qarşı tərəfdən həmin o iddiaları əsaslı şəkildə təkzib edən bir mövqe ortaya qoyulmayıb. Digər tərəfdən, Yevgeni Primakovun babası ilə bağlı Azərbaycan xalqının yaddaşında o qədər də xoş olmayan 

xatirələr, hadisələr vardı. Primakovlar ailəsi Azərbaycan xalqının yaddaşında xoşagələn izlər buraxmayıblar. Yəni Primakovdan səmimi açıqlama, mövqe gözləmək o qədər də düzgün olmaz, sadəlöhvlük olar. Sual yaranır ki,   Azərbaycan dövləti “Rus Evi”nin qeydiyyatına imkan yaratmaq istəməsəydi onda nə üçün Bakının mərkəzində onun fəaliyyətinə icazə verirdi? Əgər bizim onu qeydiyyatdan keçirmək istəməmək kimi bir fikrimiz olsaydı, ümumiyyətlə onların fəaliyyətinə imkan yaratmazdıq”.

X.Bəşirov digər bir məsələyə də diqqəti yönəltdi. Bildirdi ki, “Rus Evi”nin adı Azərbaycan qanunvericiliyinə zidd olaraq rus əlifbası ilə rus dilində verilib, bu da Azərbaycanın Rekam haqqında qanunu ilə daban-dabana ziddiyyət təşkil edib. “Adının iri hərflərlə rus dilində yazılması onu göstərir ki, “Rus Evi”nin və ona rəhbərlik edən şəxslərin Azərbaycan qanunvericiliyinə yanaşma tərzi necədir. Onlar sadəcə bir adın yazılması ilə Azərbaycan qanunvericiliyinə yanaşmalarını ortaya qoyurlarsa, onların heç qeydiyyat üçün müraciət etmədiklərini də açıq şəkildə görmək olar. Azərbaycanda təkcə “Rus Evi” ilə bağlı deyil, digər ölkələrə məxsus mərkəzlərdə də bizim qanunvericiliyə zidd məsələ olursa dərhal dövlət bununla bağlı hüquqi addımlar atır. USAİD ABŞ-a aiddir. Onun da fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan mövqe ortaya qoyub. Buna qədər də dövlət analoji addımlar atıb. Yəni hüquqi, yaxud fiziki şəxs qanuna zidd addım atırsa, onun qarşısı alınır. Məsələn, casusluqla məşğul olan bir Fransa vətəndaşı həbs edildi, barəsində araşdırma aparıldı və məhkəmə qarşısına çıxarıldı. Yəni bizim üçün hansı dövlətin hüquqi və fiziki şəxsinin  olmasından aslı olamayaq, biz onlara öz qanunvericiliyimizdən irəli gələrək yanaşırıq. Azərbaycan hüquqi dövlətdir, hüquqi dövlətlər, həmçinin də ölkəmiz belə məsələlərdə hüquqi mövqe ortaya qoyur. Hüquqi yanaşma tərzimiz də onu tələb etsə ki, “Rus Evi”, yaxud istənilən təşkilat onun qanunvericiliyinə uyğun qeydiyyatdan keçməlidir, sonra fəaliyyət göstərməlidir. Amma onlar müraciət edib qeydiyyatdan keçmək istəmirlərsə, təbii ki, onların fəaliyyəti dərhal dayandırılacaq. Necə ki, dayandırıldı. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın fikrini də eşitdik ki, onlar Azərbaycanın qanunauyğun tələblərinə riayət etməyə hazırdırlar. Əslində yanaşma tərzi belə olmalıdır. Yevgeni Primakov kimilərin absurd iddialar, bir-birinə zidd fikirlər səsləndirməsi  bu prosesə mənfi təsir göstərir, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyətini ortaya qoyur” - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
28
baki-xeber.com

1Mənbələr