AZ

COVID-19 Alzheimer riskini artıra bilər

Bakı, TurkicWorld

Son araşdırmalar göstərir ki, COVID-19 keçirən insanlarda Alzheimer xəstəliyi ilə əlaqəli biomarkerlərin səviyyəsi yüksələ bilər.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, SARS-CoV-2 virusuna yoluxan şəxslərin beyin zülallarında müşahidə edilən dəyişikliklər, dörd il erkən yaşlanmaya bərabər təsir göstərə bilər. Bu dəyişikliklər xüsusilə xəstəliyi ağır keçirən və xəstəxanaya yerləşdirilən pasiyentlərdə daha qabarıq özünü göstərir.

Mütəxəssislər yüksək qan təzyiqi kimi demans risk faktorlarına malik şəxslərdə bu təsirlərin daha güclü olduğunu bildirirlər. Alimlər hesab edirlər ki, COVID-19, beta-amiloid zülallarının yığılmasını sürətləndirərək beyin hüceyrələrində iltihaba səbəb ola bilər.

Bununla belə, tədqiqatçılar bu tapıntıların COVID-19-un birbaşa Alzheimer xəstəliyinə səbəb olduğunu açıq şəkildə sübut etmədiyini vurğulayırlar. Araşdırma müşahidə tədqiqatı olduğu üçün yalnız COVID-19 ilə Alzheimer riski arasında əlaqənin olduğunu göstərir, lakin səbəb-nəticə əlaqəsini təsdiqləmir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan Alzheimer xəstəliyindən əziyyət çəkir və hər il təxminən 10 milyon yeni demans halı qeydə alınır.

Böyük Britaniya Demans Araşdırma İnstitutunun professoru Paul Metyus isə bildirir ki, demans riskinə səbəb olan amilləri daha yaxşı anlamaq, erkən diaqnoz və profilaktik tədbirlərin işlənib hazırlanması üçün vacibdir.

Seçilən
38
turkic.world

1Mənbələr