AZ

Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

Image

Ceyhun Məmmədov: “Görünən odur ki, tərəflər arasında razılaşdırılmış gizli oyunlar gedir”

Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında məlumat verib.

“Biz Ermənistanla hər iki ölkənin liderləri tərəfindən imzalanacaq geniş, hərtərəfli strateji sənəd üzərində işləyirik. Onu ölkələrimizin liderləri imzalamalıdır. Bu sənəd hərtərəfli və uzunmüddətli olacaq, buraya uzunmüddətli layihələr daxil edilə bilər”, - səfir qeyd edib.

İran diplomatik missiyası rəhbərinin sözlərinə görə, Ermənistan və İran arasında elmi, mədəni layihələr iki ölkə arasındakı əlaqələrin ayrılmaz hissəsidir. 

Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır, bu necə olacaq? Ötən ay Ermənistanla ABŞ arasında strateji xartiya imzalanıb. İndi də Ermənistan İranla strateji saziş imzalamaq istəyir. Vaşinqton buna necə dözəcək? İki bir-biri ilə düşmən dövlətlə strateji saziş?

“Dünyada belə analoq yoxdur, Ermənistanı həm Birləşmiş Ştatlar, həm də İran eyni dərəcədə dəstəkləyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, bu məsələdə həm ABŞ-ın, həm də İranın riyakarlığını görürük: “Bir tərəfdən onlar iki ölkə arasında münasibətlərin, əlaqələrin inkişafından danışırlar. Dünyada belə analoq yoxdur, Ermənistanı həm Birləşmiş Ştatlar, həm də İran eyni dərəcədə dəstəkləyir. Bununla belə, Ermənistan həm ABŞ-la, həm də İranla strateji tərəfdaşlıq sənədi imzalayır. Halbuki, ABŞ-la İran bir-biri ilə düşməndir. Ona görə də bütün bunlar çox ciddi suallar doğurur. Necə olur ki, belə bir şey olur və bu necə baş verə bilər? Məsələ ondadır ki, belə bir sənədin imzalanması da Ermənistanı yeni cinayətlərə təşviq edir. Nəticədə Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edir və sözügedən prosesi uzadır. Eyni zamanda İran bir tərəfdən Azərbaycanla əlaqələri gücləndirmək istədiyini deyir, digər tərəfdən biz görürük ki, burada da müəyyən anlaşılmazlıqlar yaşanmaqdadır. Azərbaycanla əməkdaşlıqdan bəhs edən İran Ermənistanla əlaqələri genişləndirir. Ermənistanın ABŞ-la hərbi sahədə əməkdaşlığını görməzdən gəlir. Halbuki, ABŞ-ın Ermənistanda mövcudluğu İran üçün təhdid mənbəyidir. Məgər Tehran görmür ki, ABŞ-la Ermənistan arasında hansı yaxınlaşma prosesi gedir? Çox yaxşı görür. O zaman İranın Ermənistanla hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləməsinə izah vermək çətindir. Bu, özlüyündə bir sıra suallar doğurur. Görünən odur ki, tərəflər arasında razılaşdırılmış gizli oyunlar gedir. Yoxsa bir belə hadisənin baş verməsi təsadüf ola bilməz”.

Vidadi ORDAHALLI





Seçilən
44
baki-xeber.com

1Mənbələr