“Bornmut”un baş məşqçisi Andoni İraola 2025-ci ilin yanvar ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Arena.az məlumat verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
“Bornmut” Andoni İraolanın rəhbərliyi altında yanvar ayında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, yalnız bir oyunda heç-heçə ilə kifayətlənib. Belə ki, “albalılar” evdə “Everton”a (1:0) və “Nottingem Forest”ə (5:0), səfərdə isə “Nyukasl”a (4:1) qalib gəliblər. “Çelsi” ilə ev oyununda isə heç-heçə (2:2) qeydə alınıb.
“Bornmut” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 24 oyunda 40 xal toplayıb və yarış cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Andoni İraola karyerasında 2-ci dəfə İngiltərə Premyer Liqasında ayın ən yaxşısı adını qazanır. O, ötən mövsümdə də mart ayının ən yaxşı məşqçisi elan edilmişdi.
Premyer Liqanın cari mövsümündə Fabian Hürseler (“Brayton”) avqustun, Entso Mareska (“Çelsi”) sentyabrın, Nuno Espirito Santo oktyabr və dekabrın, Arne Slot (“Liverpul”) isə noyabrın ən yaxşısı elan edilmişdi.
Xatırladaq ki, Andoni İraola 2023-cü ilin iyul ayından “Bornmut”a rəhbərlik edir. 42 yaşlı ispan mütəxəssisin İngiltərə klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, bu komandanı bütövlükdə 71 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 32 qələbəni bayram edib, 16 heç-heçə ilə kifayətlənib, 25 məğlubiyyətə üzülüb.
İraola daha öncə “Rayo Valyekano”, “Mirandes” və “Lamaka” kimi klublarda da baş məşqçi kimi çalışıb.