AZ

USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

Image

Əli Orucov: “Bu onu deməyə əsas verir ki, USAİD bilavasitə terrorçuları himayə etməklə məşğul olub”

Ağ Ev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən bəzi layihələrin siyahısını dərc edib. Siyahıda müxtəlif ölkələrdə həyata keçirilən mübahisəli xərclər diqqət çəkib. 

Məlum olur ki, USAİD bir sıra qaranlıq fəaliyyətlərlə məşğul olub. Belə ki, sözügedən qurum Qvatemalada cinsiyyət dəyişikliyi və "LGBTİ aktivizmi" üçün 2 milyon dollar maliyyə dəstəyi verib. Həmçinin, "Əl-Qaidə" üzvləri üçün 10 min porsiya yemək təmin edilməsini maliyyələşdirib. Açıqlanan bu xərclər ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Bütün bunlar bir daha Azərbaycanın USAİD məsələsində doğru mövqedən çıxış etdiyini sübut edir. Çünki biz illərdir bəyan edirik ki, USAİD qaranlıq, qanundan kənar işlərlə məşğul olur. Dəfələrlə Azərbaycanın daxili işinə müdaxilə edib, erməni separatçılarına yardım göstərib və s. İndi ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olur ki, USAİD hətta terrorçu təşkilatları, insanların cinsini dəyişmək üçün LGBTİ kimi təşkilatları belə maliyyələşdirib. 

“Tramp administrasiyası bunun üzərinə sonacan getsə, bir çox qaranlıq məqamlar ortaya çıxacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, bütün bunlar USAİD-in əsl simasını ortaya qoyur: “Çünki illərlə Qərb beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa çalışıb ki, guya USAİD yalnız humanitar fəaliyyətlə məşğul olur. Yoxsul ölkələrin ərzaq təminatına, su təchizatına yardım edir. Bununla bağlı layihələri maliyyələşdirir. Ancaq reallıqda bu heç də belə deyildi. USAİD Birləşmiş Ştatların yumşaq gücünü bir növ həyata keçirirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin edə bilmədiyini məhz USAİD edirdi. Rəngli inqilabları maliyyələşdirirdi, ABŞ-ın təsir dairəsində olanları önəmli dövlət qurumlarına gətirməyə çalışırdı, hakimiyyətlərə qarşı cəmiyyətlərdə iğtişaşlar yaradırdı. USAİD-in büdcəsi böyük olduğu üçün zamanla bu təşkilatda korrupsiya halları daha da artmağa başladı. Ancaq məlum olanda ki, USAİD "Əl-Qaidə" terror təşkilatının üzvlərini yeməklə təmin edib, bu artıq məsələnin göründüyündən daha qaranlıq olmasından xəbər verir. Belə məlum olur ki, "Əl-Qaidə"ni elə ABŞ özü yaradıb. Zatən bununla bağlı kifayət qədər iddialar var idi. Ancaq bütün bu qaranlıq işlər USAİD-in timsalında üzə çıxandan sonra daha aydın mənzərə formalaşır. Bu onu deməyə əsas verir ki, USAİD bilavasitə terrorçuları himayə etməklə məşğul olub. Digər tərəfdən, USAİD-in LGBTİ kimi təşkilatları dəstəkləməsi Latın Amerikası dövlətlərində mənəvi terror fəaliyyəti ilə məşğul olmasının göstəricisidir. O üzdən, Azərbaycan və digər ölkələr doğru olaraq zamanında bu təşkilatın fəaliyyətini məhdudlaşdırıblar. Fikrimcə, Tramp administrasiyası bunun üzərinə sonacan getsə, bir çox qaranlıq məqamlar ortaya çıxacaq”.

Vidadi ORDAHALLI





Seçilən
7
1
baki-xeber.com

2Mənbələr