AZ

“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək?- Narahatlıq var...

Image

Qulamhüseyn Əlibəyli: “Məlum qərar son hadisələr fonunda iki ölkə münasibətlərinə müəyyən təsir göstərəcək”

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. 

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə USAİD-in və "Rossotrudniçestvo"nun Azərbaycanda fəaliyyətinin dayandırılması haqqında məlumatları şərh edərkən bildirib. 

Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir, deyə o əlavə edib.

“Rus Evi” ilə bağlı qərara görə Rusiyadan Azərbaycana qarşı hansısa pozucu fəaliyyət, miqrantların sıxışdırılması və s. ola bilərmi? Ümumən bu qərar iki ölkə münasibətlərinə necə təsir göstərəcək?

“Üstüörtülü bunu edə bilərlər və o cümlədən, azərbaycanlı miqrantları sıxışdıra bilərlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, “Rus Evi”nin indiyə qədər Azərbaycanda fəaliyyəti qanunsuz olub: “Yəni Azərbaycan qanunlarına müvafiq olaraq qeydiyyatdan keçmədən fəaliyyət göstərib. Çox təəssüf ki, bizim müvafiq orqanlar bu işə ciddi şəkildə fikir verməyiblər. Buna daha əvvəl diqqət etmək lazım idi. Görünür, Rusiya ilə münasibətlərdə gərginlik yaranmasın deyə, bunun üzərinə getməyiblər. İndi isə ya “Rus Evi”nin fəaliyyəti Azərbaycan qanunvericiliyinə görə dayandırılmalıdır, ya da uyğunlaşdırılmalıdır. Bununla bağlı Azərbaycan rəsmiləri müvafiq nota ilə Rusiyaya müraciət edirlər ki, həmin qurumun fəaliyyəti dayandırılsın. Məlum qərar son hadisələr fonunda Rusiya-Azərbaycan münasibətlərinə müəyyən təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, bu münasibətlər son dövrlərdə o qədər də yaxşı deyil. Xüsusən Azərbaycan təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Bakı-Moskva münasibətləri bir qədər kəskinləşib. Bu baxımdan ki, Rusiya hər vasitə ilə təyyarənin vurulmasını öz üzərindən atmaq istəyir. Təyyarənin vurulmasına görə məsuliyyət daşımadığını deyir və konpensasiya ödəməkdən rəsmən imtina edir. Bu da son nəticədə Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etməsinə gətirib çıxara bilər. Hələ ki, Azərbaycan tərəfi səbrli davranır. Ancaq Rusiyanın bir sıra KİV-ində ölkəmizə qarşı çıxışların olması o deməkdir ki, Kremldə müəyyən dairələr münasibətlərin kəskinləşməsində maraqlıdır. Belə bir atmosferdə “Rus Evi”nin bağlanması münasibətləri bir az da gərginləşdirə bilər. Rusiya çalışacaq ki, “Rus Evi”nin Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı bəzi tədbirlər görsün. Çünki onların marağındadır ki, “Rus Evi” Bakıda fəaliyyət göstərsin. Bu baxımdan, çox güman ki, çalışacaqlar münasibətlər tam kəskinləşməsin. O da ola bilər ki, Rusiya orada azərbaycanlılarla bağlı mədəni birlikləri sıxışdırsın. Üstüörtülü bunu edə bilərlər və o cümlədən, azərbaycanlı miqrantları sıxışdıra bilərlər. Çünki Rusiya hakimiyyətindən nə desən gözləmək olar”.

Vidadi ORDAHALLI





Seçilən
77
baki-xeber.com

1Mənbələr