Avropada qazın birja ticarətində qiyməti bu gün 1 000 kubmetr üçün 600 dolları keçərək, 13 oktyabr 2023-cü ildən bəri ilk dəfə bu həddi aşdı.
Valyuta.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatları göstərir. Günün əvvəlindən etibarən qiymət artımı 2,5%-dən çox olub.
Niderlanddakı "TTF" habında fevral fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 601 dollara, yaxud 56,065 avro/MVt·s-a yüksəlib.
Daha öncə bildirmişdik ki, Avropanın yeraltı qaz anbarlarındakı (YQA) ehtiyatlar 51%-dən aşağı düşüb. Bu, təkcə ötən payız-qış mövsümünün sonu ilə deyil, həm də 2019-2020-ci və 2022-2023-cü illərin istilik mövsümlərinin son göstəriciləri ilə müqayisədə daha aşağı səviyyəyə enib.
İstilik mövsümünün əvvəlindən etibarən Avropa İttifaqı yeraltı qaz anbarlarından təxminən 52,5 milyard kubmetr qaz çıxarıb ki, bu da payız-qış dövrünə vurulan həcmi (təxminən 41 milyard kubmetr) əhəmiyyətli dərəcədə üstələyir. Hazırkı həftə Avropada əvvəlki həftəyə nisbətən daha soyuq keçir və növbəti həftənin hava şəraitinin də oxşar olacağı proqnozlaşdırılır.
Rəhim