AZ

Mads Roerslev “Brentford”u “Volfsburq”a dəyişdi

İngiltərənin “Brentford” klubu üç futbolçusunu – Mads Roerslev Rasmussen, Mettyu Koks və Maykl Olakiqbeni icarəyə göndərib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Roerslev Almaniyanın “Volfsburq” klubuna keçib. Bundesliqa klubu danimarkalı sağ cinah müdafiəçisini bu mövsümün sonunadək icarəyə götürüb. 25 yaşlı futbolçu mövsüm bitən kimi “Brentford”a qayıdacaq. Onun bu klubla 2026-cı ilin 30 iyununadək müqaviləsi var.

Mads Roerslev Rasmussen “Kopenhagen”in yetirməsidir. O, “Halmstad”, “Vendüssel” kimi klubların da şərəfini qoruyub. 2019-cu ildən “Brentford”da forma geyinən müdafiəçi bu komandanın heyətində 146 oyuna çıxıb, 2 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2024-cü ilin noyabrında əsas millidə debüt edib.

İngilis qapıçı Mettyu Koks “Kroli Taun”a icarəyə verilib. Aşağı liqa klubu onu cari mövsümün sonunadək icarəyə götürüb. “Uimbldon”un yetirməsi 2021-ci ildən “Brentford”da çıxış edir. 21 yaşlı qolkiper Premyer Liqa klubunun əsas komandasında debüt şansı qazanmayıb. O, ötən mövsüm “Bristol Rovers”də də icarədə olub.

Əslən Nigeriyadan olan ingiltərəli sağ vinger Maykl Olakiqbe isə “Çesterfild”ə keçib. 20 yaşlı futbolçu da bu mövsümün sonunadək icarədə olacaq.

Maykl Olakiqbe “Fulhem”in yetirməsidir. 2022-ci ildən “Brentford”da olan futbolçu Premyer Liqa klubunun əsas komandasında 12 oyuna çıxsa da, fərqlənə bilməyib. O, əvvəlki illərdə “Piterboro Yunayted” və “Uiqan”da da icarədə olub. Olakiqbe İngiltərənin U-18 və U-20 yığmalarında da çıxış edib.

Seçilən
62
arena.az

1Mənbələr