AZ

"MediaTek"in mümkün ABŞ tariflərinə qarşı hazırlığı - "Məsələ olduqca mürəkkəbdir"

Dünyanın ən böyük müqaviləli çip istehsalçısı "TSMC"nin yerləşdiyi Tayvanda texnologiya şirkətləri Donald Trampın çip idxalına tariflər tətbiq edəcəyi ehtimalı ilə üzləşirlər. Tramp seçki kampaniyası zamanı Tayvanı Amerika yarımkeçirici sənayesini "oğurlamaqda" ittiham etmişdi.  

Ötən həftə Tramp idxal edilən çiplərə, həmçinin dərman preparatlarına və polada tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb. O, bu addımı istehsalçıları məhsullarını ABŞ-də istehsal etməyə təşviq etmək üçün atacağını bildirib, lakin konkret bir zaman çərçivəsi açıqlamayıb.  

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, rüblük maliyyə hesabatı konfransında "MediaTek"in ABŞ tariflərinin mümkün təsiri ilə bağlı sualına cavab verən şirkətin baş icraçı direktoru Rik Tsay bu məsələnin "çox gözlənilməz" olduğunu deyib.  

"Əlbəttə ki, biz sadəcə oturub gözləmirik. Öz fərziyyələrimizi formalaşdırır, bəzi simulyasiyalar aparırıq", – deyə o, ətraflı məlumat vermədən bildirib.  

Tsay bu il üçün tariflərin təsirinin "idarəolunan" olacağını vurğulayıb.  

"Siz 'idarəolunan' anlayışını müxtəlif cür izah edə bilərsiniz, lakin mənim fikrimcə, bu, bizim üçün 2025-ci ildə də idarəolunan olacaq", – deyə o əlavə edib. "Çoxlu dəyişənlər var, buna görə də indi dəqiq bir proqnoz vermək çətindir. Məsələ olduqca mürəkkəbdir".  

Texnologiya sektoru Çin startapı "DeepSeek AI" səbəbindən qeyri-müəyyənliklə üzləşir

Yanvarın 27-də "DeepSeek AI" startapının təqdim edilməsindən sonra dünya üzrə texnologiya səhmləri kəskin şəkildə ucuzlaşıb. Yeni süni intellekt modeli rəqiblərindən daha aşağı qiymətə başa gəlir və daha az mürəkkəb çiplərə ehtiyac duyur. Bu isə Qərbin çip istehsalçıları və məlumat mərkəzlərinə yatırdığı böyük sərmayələr barədə suallar yaradıb.  

Lakin Tsay süni intellekt bazarı ilə bağlı nikbinliyini ifadə edib.  

"Son 'DeepSeek' fenomeni ilə biz əslində daha da optimist olduq", – deyə o bildirib. "Süni intellektin daha geniş yayılması prosesi sürətlənir. O, adi istifadəçilər üçün daha əlçatan olacaq".  

Qeyd edək ki, bu il ərzində "MediaTek" səhmləri 7,8% artıb və ümumi bazarın artım tempini üstələyib.  

Rəhim

Seçilən
42
valyuta.az

1Mənbələr