AZ

“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik”- səfir aqressivləşdi...

Image

Afsəddin Nəbiyev: “Hər hansı bir qüvvə Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək”

“Bəzi ölkələr bu gümandadır ki, İran guya Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilib”. Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 6-da jurnalistlərlə görüşündə deyib.

“Təhlükəsizliyimizlə bağlı mövqeyimizi həmişə aydın şəkildə ifadə edirik. Əgər hansısa ölkənin mövqeyi mövqeyimizə uyğun gəlmirsə, deməli, o ölkə ilə ziddiyyətlərimiz var. Bizim üçün milli maraqlarımız prioritetdir və onlar üzərində sövdələşmə mümkün deyil. Biz Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getməyəcəyik” səfir əlavə edib. 

Prezident köməkçisi Hikmət Hacıyevin bu günlərdə İrana uğurlu səfəri və iki ölkə münasibətlərində normallaşma fonunda səfirin belə yersiz, məsuliyyətsiz və təxribat xarakterli açıqlama ilə çıxış etməsi nə deməkdir? Nədir bu aqressivlik?

“İran rəsmiləri ermənidən çox ermənilik etməklə bu layihənin həyata keçirilməsinə qısqanclıqla yanaşır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev məsələyə bir neçə aspektdən yanaşdı: “Bu bir reallıqdır ki, Zəngəzur dəhlizi Azərbaycanla bərabər regionda yerləşən bütün dövlətlərin nəqliyyat kommunikasiya imkanlarını yaxşılaşdıracaq, cəlbedici bir layihədir. Ancaq biz görürük ki, İran rəsmiləri ermənidən çox ermənilik etməklə bu layihənin həyata keçirilməsinə çox qısqanclıqla yanaşır. Zəngəzur dəhlizi İran, Türkiyə və Azərbaycanın dövlət maraqlarına cavab verən Avrasiyanın orta xəttindəki çox böyük layihə olmaqla bərabər, həm də bölgənin təhlükəsizliyinə, davamlı sülhə qarantiyadır. Bu dəhliz sülh və əməkdaşlıq dəhlizidir. İran isə ilk gündən Zəngəzur dəhlizinin açılmasını istəməyib. Bunun bir neçə səbəbi var. Birincisi, Naxçıvanın blokadadan çıxarılması  Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir. İran tərəfi bundan hər zaman təzyiq aləti kimi istifadə etmək niyyətindədir. İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtac olduğunu açıq şəkildə büruzə verir. Açıq şəkildə ifadə etsəm, Rusiya və İranı bu məsələdə "ortaq maraqları" birləşdirir. İranın Ermənistandakı səfiri erməni rəsmilərinin rasional yanaşmasını heçə sayaraq, əslində Ermənistanda oturub bu dövlətə meydan oxuyur. Ermənistan tərəfi çox yaxşı anlayır ki, onların bölgədə mövcudluğunu şərtləndirən yeganə amil Azərbaycanla və qardaş Türkiyə dövləti ilə hərtərəfli sivil münasibətlərin qurulması ola bilər. Bunu da son vaxtlar tez-tez dilə gətirirlər. Bizim tələbimiz çox aydındır, Azərbaycandan Azərbaycana rahat, maneəsiz gediş-gəliş təmin olunmalıdır. Tehran tərəfinin aqressivliyi son zamanlar ona görədir ki, İran bölgədə geosiyasi anlamda bütün mövqeyini itirib və bu proses davam etməkdədir. Onsuz da Zəngəzur məsələsi elə bir məsələdir ki, hər hansı bir qüvvə bu dəhlizin açılmasına mane ola bilməyəcək. İran tərəfi bu məsələdə məsuliyyətsiz davranışı ilə onsuz da türk-müsəlman coğrafiyasında itirilmiş nüfuzunu daha da itirir”.

Vidadi ORDAHALLI





Seçilən
45
baki-xeber.com

1Mənbələr