AZ

İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır- ilk fakt...

Image

Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Yeniyetmə intihar etməzdən öncə məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. 

Ümumiyyətlə, belə oyunlarla tez-tez rastlaşırıq. Məsələn, illər əvvəl uşaqlar arasında "Mavi balina" oyunu geniş yayılmışdı. Bu oyunda da uşaqlara qəribə tapşırıqlar verilir, sonda özlərini öldürmələri əmr olunurdu. Valideynlər isə övladlarının təhlükəli oyunlara aludə olduğundan xəbərsiz idilər. Görəsən, bu cür təhlükəli oyunlar qadağan, blok oluna bilərmi? 

Rövşən Əkbərov: “İnternet məkanda bu qəbildən olan təhlükəli oyunlar çoxdur”

İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Rövşən Əkbərovun sözlərinə görə, internet məkanında bu qəbildən olan təhlükəli oyunlar çoxdur: “Heç bir texniki qadağa valideyn nəzarəti qədər effektiv ola bilməz. Bu halların qarşını almaq üçün ən yaxşı yol valideynin mütəmadi vizual nəzarətidir”.

Könül İsmayılova: “Bu oyunlara aid  servislərə qadağa qoyulmalıdır”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür oyunlar uşaqlarda qopa bilməyəcəyi asılılıq yaradır: “Bu intihar hallarının yaranmasının səbəblərindən biri də uşaqların oynadığı oyunlardır. Uşaqlar 4 yaşından etibarən hər şeyi təqlid etdiyinə görə oynadığı oyunlarda baş verən prosesləri analiz etmədən olduğu kimi dəyərləndirirlər. Əgər oyunda aqressiya varsa və hansısa personaj özünü öldürürsə, uşaq da həmin davranışı təkrar edə bilər. Bu halların artmaması üçün valideynlər uşaqları bu tipli oyunlardan qorumağı bacarmalıdır. Əgər uşağa diqqət ayırmayıb öz işinizə çox vaxt ayırsanız, o zaman uşaq istədiyi formada inkişaf edəcək. Mümkün qədər uşağa hansısa müsbət işləri sevdirmək lazımdır. Bu oyunların aid olduğu servislərə qadağa qoyulmalıdır. Uşaqlar öz yaşlarını daha böyük göstərməklə sosial şəbəkələrdə qeydiyyatdan keçirlər. Ona görə də birbaşa nəzərət valideynlərin üzərinə düşür. Bu oyunları hakerlər yaradır. Girişi aidiyyəti qurumlar bağlamalıdır. Bu onların işidir”.

Günel CƏLİLOVA 





Seçilən
19
baki-xeber.com

1Mənbələr