AZ

Tramp ailəsinin Yaxın Şərqə investisiyaları

ABŞ prezidenti Donald Trampın Qəzza planının əks-sədaları davam edərkən, “The New York Times” qəzeti (NYT) Respublikaçı liderin ailəsinin Yaxın Şərqə yatırdığı sərmayələrə daha yaxından nəzər salıb.

Hesabatda deyilir: “Dünyanın heç bir regionu Tramp ailəsinin müxtəlif biznes müəssisələrinin inkişafı üçün Yaxın Şərq qədər vacib deyil”.

Tramp ailəsinin bölgəyə yatırdığı sərmayələrin çoxu “brend sövdələşmələri” adı altında gedir. Bunlar lüks evlərin, qolf meydançalarının və ya otellərin satışını artırmaq üçün bu addan istifadə etmək hüququ müqabilində ailəyə on milyonlarla dollar qazandırır.

Respublikaçı liderin ailəsinin Səudiyyə Ərəbistanında yerləşən daşınmaz əmlak şirkəti “Dar Al Arkan”la bağladığı müqavilələr çərçivəsində Oman, Dubay və Səudiyyə Ərəbistanında Tramp adını daşıyan lüks mənzillər, qolf meydançaları və otellər tikilir.

Bu layihələr arasında ən çox irəliləyiş Omanda qolf meydançası və mehmanxana tikintisində əldə olunub. Tramp ailəsinin sərmayəsi ilə tikilən strukturların yerləşdiyi torpaqlar birbaşa Oman administrasiyasına məxsusdur.

Oman kurortunun açılmasına hələ üç il var, lakin “Trump Organisation” artıq müqavilədən ən azı 7,5 milyon dollar qazanıb. Respublikaçı liderin oğulları Erik Tramp və kiçik Donald Tramp keçən yay “Dar Al Arkan” direktoru Yusuf Əl Şalaşla layihənin gedişatını yoxlamaq üçün Omana səfər etmişdilər.

“Trump Organisation”  7 oktyabr 2023-cü ildə Qəzza müharibəsi başlamazdan əvvəl İsraildə otel müqavilələri bağlamağa hazırlaşırdı. NYT yazır ki, respublikaçı liderin oğulları razılaşmaları tamamlamaq üçün regionda vəziyyətin sakitləşməsini gözləyirlər.

Ağ Evdəki ilk müddətinə başlayandan qısa müddət sonra Tramp Dubaydakı qolf sahəsinə də sərmayə qoyub. Tramp Beynəlxalq Qolf Klubu 2017-ci ildə açılıb.

Respublikaçı lider həm də xərcləri Səudiyyə Ərəbistanının rəsmi sərvət fondu olan İctimai İnvestisiya Fondu tərəfindən qarşılanan peşəkar qolf liqası “LIV Golf”un mühüm tərəfdaşları sırasındadır.

Bu il aprel ayında Trampın Mayamidəki qolf meydançasında “LIV Golf” turniri keçiriləcək. Əvvəlki üç turnir də eyni məkanda keçirilib. NYT xəbər verir ki, “LIV Golf” məkandan istifadə etmək üçün “Trump Organization”a pul ödəyib. Müsabiqə iştirakçıları restoran və otel seçərkən Trampın mülklərinə də yönləndirilir.

Trampın kürəkəni Cared Kuşner respublikaçı liderin ilk dövründə onun müşaviri vəzifəsində çalışıb. NYT qeyd edir ki, Kuşner ofisdə olarkən qurduğu əlaqələrlə “Affinity Partners” adlı özəl kapital firması təsis edib. Şirkət Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi sərvət fondlarından 4,5 milyard dollar toplayıb.

Kuşnerin İsraildə yerləşən daha iki şirkətdə sərmayələri var. Onlardan biri sığorta şirkəti “Phoenix Holdings”, digəri isə avtomobil icarəsi şirkəti “Shlomo Holdings”dir.

Seçilən
77
vaxt.az

1Mənbələr