AZ

Üç nazirin işdən çıxarılmasının ŞOK SƏBƏBLƏRİ – Nəyə hazırlıq gedir?

Son 1 ayda Prezident İlham Əliyevin sərəncamı ilə 3 nazir işdən çıxarıldı. Öncə Samir Şərifov maliyyə naziri vəzifəsindən uzaqlaşdırıldı. Ardından Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri postu ilə vidalaşdı. Dünən isə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini itirdi.

Prezidenti müvafiq sərəncamları ilə onlar yeni işə keçirildi. Samir Şərifov baş nazirin müavini, Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, Sahil Babayev isə maliyyə naziri təyin edildi.

S.Şərifov işdən çıxarıldıqda media yazdı ki, Azərbaycanda yeni super nazirlik yaradılır. Bildirilirdi ki, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdiriləcək, yeni yaradılacaq quruma Sahil Babayev rəhbər təyin olunacaq.

S.Babayevin maliyyə naziri təyin olunması bu istiqamətdə gedən müzakirələrin dayanmasına səbəb oldu. Artıq məlumdur ki, yeni qurum yaradılmayacaq.

Diqqət çəkən məqamlardan biri Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsidir. Son vaxtlar bir başqa iddia ortaya atılıb. Deyilənə görə, yeni struktur islahatları aparılacaq, hazırkı idarəetmə quruluşu nümayəndəliklərlə əvəzlənəcək. Hətta icra hakimiyyətlərinin ləğv ediləcəyi, yerinə prezidentin nümayəndələrinin təyin olunacağı bildirilir.

Düzdür, bu iddialar artıq təkzib olunub. Globalinfo.az hökumətdəki mənbələrdən öyrənə bilib ki, bu il referendum keçirilməyəcək, konstitusiya islahatı aparılmayacaq.

Buna baxmayaraq, paraleldə isə nümayəndəlik institutu gücləndirilir. Sanki növbəti mərhələ üçün hazırlıq aparılır. Bəzən dövlətin planları bir neçə ilə hədəflənir. Hazırlıq görülür, bünövrə hazırlanır, 5-6 il sonra qəfil dəyişiklik olur. İndiki proseslər də bunun əlaməti sayıla bilər.
Azərbaycan Prezidentinin nümayəndələrinin sayı 10-a çatıb. 10 xüsusi nümayəndənin ikisi xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Azərbaycan Respublikası Birinci vitse-prezidentinin sabiq köməkçisi Elçin Əmirbəyov və xarici işlər nazirinin keçmiş müavini Xələf Xələfov. Fuad Nəcəfli də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

Bu yeni institutun fəaliyyəti nədən ibarət olacaq? Verilən vəzifələrin anlamı nədir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Azərbaycan Respublikası Prezidentinin konstitusiya ilə müəyyən edilmiş müstəsna səlahiyyətləri var, bunlardan biri də onun xüsusi nümayəndələrini təyin etməsi hüququdur:

“Bu hüququndan istifadə edərək Prezident İlham Əliyev müxtəlif sahələr və xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndələr təyin edib. Ümumilikdə, Xüsusi nümayəndəlik institutu yenidir. 2021-ci ildə bununla bağlı əsasnamə qəbul edilmiş, buna müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdə və Naxçıvanda Prezidentin xüsusi nümayəndəlikləri formalaşıb. Onlar Prezidentin xüsusi səlahiyyətli nümayəndələri təyin edilmişlər.

arzuxan
Arzuxan Əlizadə

Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edildi. Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammitində Muxtar Babayev həmin tədbirin prezidenti idi. Bu səlahiyyəti COP30-a qədər davam etdirəcək. Bu bir il ərzində Azərbaycanın daxil olduğu layihələri, Prezidentin bu sahə üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirmək səlahiyyəti verilmiş bir şəxs kimi fəaliyyət göstərəcək. Təyinat hələ təzə olub, fəaliyyət istiqamətləri ilə bağlı əsasnamə də qəbul ediləcək. Buna müvafiq olaraq M.Babayev fəaliyyətini davam etdirəcək”.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə deyib ki, Azərbaycanda kadr və struktur islahatları mərhələli və planlı şəkildə davam edir və Prezidentin nümayəndəliyi institutu da proseslərə çevik və adekvat reaksiya vermək üçün təsis edilib:

“Əvvəllər yalnız ərazi idarəetmə üzrə nümayəndəlik təsisatı mövcud idisə, sonrakı dövrdə əhatə dairəsinin xeyli genişlənərək digər sahələri də əhatələməsi göstərir ki, bu institut özünü doğruldub.

Muxtar Babayevin Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunması da məhz bu çərçivədən izah olunmalıdır. Məlumdur ki, COP29-un sədri, eyni zamanda iqlim troykasının həmsədri kimi Azərbaycanın qlobal xarakterli məsuliyyətləri mövcuddur və Prezident bu prosesdə icraçı səlahiyyətləri Muxtar Babayevə həvalə etmişdi. Lakin Muxtar Babayev, eyni zamanda ölkədə hökumətin üzvü kimi bütövlükdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edirdi.

Üç nazirin işdən çıxarılmasının ŞOK SƏBƏBLƏRİ –<span style=color:red> Nəyə hazırlıq gedir?
Bəhruz Məhərrəmov

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə diqqət etsək, Nazirlik Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası işlərinə nəzarət edir.

Eyni zamanda Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi, bioloji müxtəlifliyin, flora, fauna, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri, atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasəti və tənzimlənməsi kimi geniş sahələri əhatələyən strukturdur.

Azərbaycanın yaratdığı iqlim reallıqları isə bu çoxşaxəli iş yükündən azad, yalnız beynəlxalq öhdəliklərə fokuslanmış daha effektiv və çevik yanaşma tələb etdiyi üçün ayrıca nümayəndəlik institutunun təsis edilməsi zərurət idi”.

Seçilən
16
1
medianews.az

2Mənbələr