AZ

Joze Morais - “Bodrumspor”un yeni baş məşqçisi

Əslən Anqoladan olan portuqaliyalı futbol mütəxəssisi Joze Morais Türkiyənin “Bodrumspor” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə Joze Mourinyonun köməkçisi olmuş 59 yaşlı mütəxəssisin Türkiyə klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Joze Morais “Bodrumspor”un “sükanı arxasında” Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq qapıçısı Volkan Demireli əvəz edib. Hansı ki, Volkanla müqaviləyə bir neçə gün öncə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Son oyunlarda qələbəyə həsrət olan Bodrum təmsilçisi uğursuz gedişata son qoymaq üçün məhz Volkan Demireli istefaya göndərməyə üstünlük verib.

Xatırladaq ki, Volkan Demirel 2024-cü ilin noyabr ayında “Bodrumspor”un baş məşqçisi təyin edilmişdi. Həmin vaxt 43 yaşlı mütəxəssis Bodrum təmsilçisi ilə 3 illik müqavilə imzalamışdı. Super Liqa təmsilçisi bu müddətdə Volkanın rəhbərliyi altında 13 oyun keçirib. Bu görüşlərdə cəmi 2 qələbə qazanmış komanda 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. 17 qol vurmuş Bodrum təmsilçisi 21 top buraxıb.

Volkan Demireli əvəz etmiş Joze Moraisin sonuncu iş yeri İran “Sepahan”ı olub. O, ötən ilin noyabrında bu klubdan ayrılandan bəri işsiz idi. Portuqaliyalı futbol mütəxəssisi “Əl-Hilal”, “Jeonbuk”, “Karpatı” (Lvov), “Barnsli”, AEK (Afina), “Antalyaspor”, “Esperans”, “Əl-Şabab”, “Stad Tunisien”, “Əl-Həzm”, “Əl-Faysal”, “Assiriska”, “Santa Klara”, “Akademiko Vizue”, “Drezdner”, “Vestfalia Herne”, “Eştoril” kimi klublarda da baş məşqçi kimi çalışıb. 2008-ci ildə Yəmən yığmasına rəhbərlik etmiş Morais, “İnter”, “Real”, “Çelsi” kimi klublarda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, “Bodrumspor” bu mövsüm Super Liqada keçirdiyi 21 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda 16 xalla 17-ci pillədə qərarlaşıb.

Seçilən
73
arena.az

1Mənbələr