AZ

Kristiano Biraqi “Fiorentina”nı “Torino”ya dəyişdi

İtaliyanın “Fiorentina” klubunun sol cinah müdafiəçisi Kristiano Biraqi bundan sonra “Torino”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub 32 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Kristiano Biraqi Milan “İnter”inin yetirməsidir. O, karyerası ərzində “Yuve Stabiya”, “Kataniya”, “Çittadella”, “Kyevo”, “Qranada”, “Peskara” kimi klubların da şərəfini qoruyub. İtaliyanın U-19 və U-21 yığmalarında oynamış müdafiəçi 2018-ci ildə debüt etdiyi əsas millidə də 16 oyuna çıxıb, 1 qol vurub.

“Torino” Fransanın “Reyms” klubunun əslən Mərakeşdən olan fransalı hücumçusu Amin Salamanı da bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. 24 yaşlı futbolçunun yarım mövsümlük transferi üçün Fransa klubuna 200 min avro ödəniləcək.

Amin Salama peşəkar karyerasına “Dunkerk” klubunda başlayıb. “Anje”də də oynamış futbolçu 2023-cü ildən “Reyms”in sıralarındadır. Ötən il fransalı forvard “Kan”da da icarədə olub.

“Torino” iki futbolçusu ilə də yollarını ayırıb. Sağ cinah müdafiəçisi Mergim Voyvoda “Komo”ya satılıb. Turinlilər bu satışdan 2,5 milyon avro qazanıblar. Kosovo yığmasının da üzvü olan 30 yaşlı futbolçu yeni klubu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan Voyvoda “Sent Trüden”, “Karl Tseys Jena”, “Muskron” kimi klublarda da çıxış edib. 2020-ci ildən “Torino”da oynayan müdafiəçi vaxtilə Albaniyanın U-21 yığmasının şərəfini qoruyub. 2017-ci ildən Kosovo millisində çıxış edən təcrübəli oyunçu meydana çıxdığı 56 matçda 2 qol vurub.

Gənc yarımmüdafiəçi Aaron Çammalyikella isə “Torino”dan icarə əsasında “Ternana”ya keçib. Əslən Efiopiyadan olan 20 yaşlı italiyalı futbolçu “Torino”nun eytirməsidir. O, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Seçilən
59
arena.az

1Mənbələr