Stendalın “Parma monastırı” romanı haqqında
Monastır təklik yurdu, kilsə cəmlik evidir. Monastır insanı insandan ayırır, kilsə insanları birləşdirir. Monastır poetik hücrə, kilsə mistik məkandır. Monastır dərdə dalmaqdan zövq alan bədbin şairlərin, taleyin cızdığı cığırdan sapan anarxist zahidlərin icadı, kilsə göyə toxunmaq üçün dağlara çıxan nikbin peyğəmbərlərin, yalan dünyada haqq-ədalət soraqlayan idealist dərvişlərin kəşfidir. Biri şiddətlə çağlayan həyatın sahilinə atılmaq, o biri dağıdıcı həyat selinin ortasında tərpənməz ada qurmaqdır. Biri təsadüfdən qaçış, o biri təsadüfləri zərurət sapına düzmək cəhdidir. Monastır tənha ruhun sükuta dalıb bədəndəki coşquları kiritdiyi, kilsə ruhların coşub bir-birinə axdığı yerdir.
Stendal monastır, Hüqo kilsə kahinidir; başqa sözlə, biri rahib, o biri keşiş ruhludur. Stendal üçün qəlbin istinad elədiyi, sığındığı son instansiya monastır, Hüqo üçün kilsədir. Bulqakovun təbirincə desək, biri mənəviyyat sarayının “dinclik”, o biri “işıq” qatının sakinidir. Birinin ruhu Parma monastırındakı qaranlıq, sakit hücrəsində, o birinin qəlbi Paris Notr-Dam kilsəsinin aləmə ün salan zəng qülləsində əbədi məskunlaşıb.
Viktor Hüqonun “Səfillər” romanından danışanda da buna bənzər etik-fəlsəfi məsələyə toxunmuşduq. Mövzumuza birbaşa aid olduğuna görə həmin məqamı xatırlatmaq istərdim: “Hüqo monastır həyat tərzinin, rahib əxlaqının tərəfdarı deyildi, çünki monastırda bərabərlik, ruhani dinclik olsa da, azadlıq yoxdur, eşq yoxdur. Monastır başqa, kilsə başqa. Kant deyirdi ki, inanclı xristianların bir yerə toplaşdığı istənilən məkan kilsədir. Monastır tənhalıq, kilsə vəhdət məkanıdır. Monastır daha çox buddizm əxlaqına, buddist düşüncəsinə uyğun bir yerdir. Budda deyir ki, hər bir fərd ayrıca ada, ayrıca bir ulduzdur. Məsih isə insanları birliyə, qardaşlığa səsləyir. Stendalın “Parma monastırı” romanının qəhrəmanı ehtiraslar, intriqalar, savaşlarla dolu cəhənnəmdən sağ qurtarandan sonra monastıra pənah aparır. Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının qəhrəmanları isə kilsəni eşq məbədinə, dinin, dövlətin şərindən qaçanların sığınacaq yerinə çevirirlər”.
***
“Parma monastırı” romanını haqqında əvvəllər bəhs elədiyimiz “Qırmızı və qara” əsərinə doğmalaşdıran təkcə bu kitabların bir müəllifin qələmindən çıxması deyil: hər iki romanın qəhrəmanı xoşbəxtlik, karyera axtarışındadır, sələfi Jülyen Sorel (həm də xələfi Raskolnikov) kimi Fabrisio del Donqo da Napoleon vurğunu, böyük qəsbkarın pərəstişkarıdır. Fabrisio da Jülyen kimi hərbi sahədə karyera qurmaq istərkən ruhani seminariyasında oxumağa məcbur qalır - hərçənd hərbi yürüşlər, parlaq zəfərlər dövründə yaşamaq qismətinə düşməyən kəndli balası Jülyendən fərqli olaraq zadəgan oğlu Fabrisio milyonlarla avropalı gəncin kumiri Bonapartın son döyüşünə özünü çatdıra bilir. Hər iki qəhrəmanın ömrü həyatın iki qütbü - işıqlı saraylarla qaranlıq məbəd, öz təbirincə desək, qırmızıyla qara arasında keçir. Stendal filosof yazıçıdır, hər iki dünya şöhrətli romanında ortaya qoyduğu vahid fəlsəfi konsepsiyası var. Avropa ədəbiyyatının sonrakı gedişatına böyük təsir göstərmiş, istiqamət vermiş bu konsepsiyanı çözməyə çalışaq.
Əslində, “Qırmızı və qara” romanından danışanda buna cəhd göstərmişdik. Ancaq yaradıcı ömrünün qürubunda “Parma monastırı”nı yazmağa da ehtiyac duyubsa, demək, əvvəlki romanlarında (bu iki romanın arasında “Lüsyen Leven” adlı biri də var) müəllif özünü hələ tamam-kamal ifadə eləməyib. Daha burasını demirəm ki, çoxları “Qırmızı və qara”nı Stendalın şah əsəri saysa da, birincilik çələngini “Parma monastırı”na verən ədəbiyyat bilicisi də az deyil. Dövrünün ölçüləriylə yanaşsaq, özündən sonrakı ədəbi nəsillərə mənsub Qonçarov, Flober kimi Stendal da bir o qədər məhsuldar romançı sayılmamalıdır.
Təxminən beş yüz səhifəlik son romanını yazıçı 1838-ci ilin axır həftələrində vur-tut əlli iki günə yazıb. Növbəti il əsər dərc olunub. Aydındır ki, buna qədər müəllif romanın süjetini illərlə beynində gəzdirib, yoxsa bu cür mürəkkəb, hadisələrlə zəngin bir dastanı belə qısa müddətdə düzüb-qoşmaq çətin başa gələrdi. Bu romanda yazıçı sevimli, yaraşıqlı qəhrəmanını öz keçmişinin trayektoriyası üzrə, gəncliyinin bir sıra marşrutları boyunca gəzdirib, ona vurğunu olduğu gözəl İtaliyanın adı bəlli şəhərləri arasında at çapdırıb. Məlumdur ki, 1783-cü ildə dünyaya gəlmiş Stendal təxəllüslü Mari-Anri Beyl Napoleon ordusunun bir sıra yürüşlərinin iştirakçısı olmuşdu, zabit kimi Almaniya, Avstriya, İtaliya topraqlarını ayaqdan keçirmişdi, xüsusi savaş təcrübəsi olmasa da, 1812-ci ildə Borodino döyüşünə şahidlik eləmişdi, yandırılan Moskvanın ərşə dirənən alovlarını gözləriylə görmüşdü, nəhəng ordu Rusiya şaxtasına məğlub olanda ölümdən güclə qurtarmışdı.
Ancaq gənc, xəyalpərəst qəhrəmanını göndərdiyi Vaterloo döyüşünü müəllif görməmişdi, bununla belə, əvvəlki təcrübəsi bu döyüşün təsvirində onun karına gəlmişdi. Tolstoyun etirafına görə, “Parma monastırı”ndakı müharibə səhnəsi “Hərb və sülh”dəki döyüş təsvirlərinin uğurlu alınmasına güclü təsir göstərmişdi, Lev Nikolayeviç sələfinin yaratdığı Vaterloo səhnəsini sənətkarlıq baxımından yüksək dəyərləndirmişdi. Ümumiyyətlə, Stendal bir yazıçı kimi öz halal qiymətini çox gec - ölümündən hardasa əlli il sonra almışdı. Ona vaxtında dəyər verən yenə Balzak, Hüqo kimi böyük çağdaşları, Tolstoy kimi dahi xələfləri olmuşdu. Bəli, bir böyük yazıçını başqa böyük yazıçıdan yaxşı heç kim anlaya bilməz - Stendalın taleyi qələm yoldaşlarına, sənət, peşə ortaqlarına hər fürsətdə nifrət saçan, balta çalan, ölüsünə də, dirisinə də şər yaxan, böhtan çağıran qafillərə ibrət dərsi olmalıdır.
***
Markiz del Donqonun kiçik oğlu Fabrisionun uşaqlığı gözəl, mənzərəli təbiət qoynunda - Komo gölünün yaxasında hələ on beşinci əsrdə inşa olunmuş dədə-baba mülkü Qriant qəsrində keçib. Onun böyük qardaşı xasiyyətcə atasına bənzəyir. Markiz varlı olsa da, çox xəsisdir, arvadını, qızlarını ehtiyac içində yaşadır. Gözəlliyinə görə İtaliyada ad çıxarmış bacısı Cina qardaşının narazılığına baxmayaraq Napoleon yürüşlərinin iştirakçısı olan Pyetranera soyadlı igid, fəqət yoxsullaşmış bir qrafa ərə gedib. Qraf dueldə öldürüləndən sonra Cina ata mülkünə - Qriant qəsrinə köçür.
On yeddi yaşlı gözəl, yaraşıqlı, ucaboy Fabrisio bibisinin gözü qabağında böyüyüb. Bu gənc uşaqlığından Napoleon heyranıdır, indi imperatorun Elba adasından qaçıb özünə yenidən qoşun topladığını eşidəndə atasından gizlicə, başqa ad altında Fransaya yollanıb öz bütünün çağırışına tələsir.
Fransızlar görkəmindən, ləhcəsindən şübhələnib onu həbsə atırlar. Vaterloo döyüşü ərəfəsində Fabrisio bir qadının yardımıyla zindandan qaçıb savaşın episentrinə düşür, ancaq qarışıqlıq içində imperatoru tanıya bilmir. Onu başa salırlar ki, döyüş uduzulub, evə qayıtmağı məsləhətdir.
Cenevrədə Fabrisionu Cinanın nökəri qarşılayır, məlum olur ki, böyük qardaşı onu ələ verib, indi polis sui-qəsddə iştirakına görə imperatorun gənc pərəstişkarını ciddi-cəhdlə axtarır. İşin tərsliyi burasındadır ki, hər cür romantikadan uzaq savaş səhnəsini görəndən sonra kumiri də, onun dünya tarixinin yeni səhifələri kimi öyülən parlaq hərbi qələbələri də pərəstişkarın gözündən düşüb. İndən belə ondan ötrü əzab çəkməyə, ölümə getməyə dəyməz.
Anasıyla bibisi Fabrisionu Milana qaçırıb gəncin izini itirməyə çalışırlar, ancaq artıq iş işdən keçib, onun cinayət dosyesi imperiya mərkəzi Vyanaya göndərilib, ələ düşsə, Fabrisionu Avropanın ən dəhşətli türməsində həbs, işgəncə gözləyir. Odur ki, onun özünü könüllü sürgünə məhkum eləməkdən başqa çarəsi qalmır.
***
Cina Milanda Parma cırtdan dövlətinin naziri qraf Moska ilə tanış olur. Əlli yaşını haqlamış Moska Cinaya dəlicəsinə vurulur, qadının da ona marağı yaranır. Qraf subay deyil, ancaq sevgilisinə qovuşmaq üçün vəzifəsindən istefa verib Cinanın istədiyi yerdə onunla birgə yaşamağa hazırdır. Bu baş tutmazsa, başqa plan da var: qoca hersoq Sanseverina Moskanın təşkil eləyə biləcəyi orden müqabilində Cina ilə saxta nikah bağlamağa razıdır, bu nikah qadına Parmada yaşayıb saraya yaxın olmaq imkanı verəcək. Beləcə, hersoginya Sanseverina tez bir zamanda Parma elitasında böyük şöhrət, rəğbət qazanır, təmtəraqlı evində kübar məclisləri qurur.
Parma sarayında iki partiyanın amansız mübarizəsi gedir - hakim royalistlərə qraf Moska, müxalif liberallara varlı, məkrli markiza Raversi başçılıq eləyir. Prins IV Ernest məhdudiyyətsiz hakimiyyətə yiyələnəndən sonra daim qorxu, şübhə, xof içindədir, məhkəmə hökmlərinin icrasına nəzarət funksiyasını yerinə yetirən məmur Rassinin təhrikiylə iki liberalın edamına fərman verəndən bəri isə qorxudan havalanmaq dərəcəsinə çatıb. Qraf Moska prinsi düşdüyü gülünc vəziyyətlərdən daim çıxardığına görə sarayda mövqeyi möhkəmdir. Rassi isə sui-qəsd tamaşaları qurmaqla səksəkəli şahzadəni təsiri altında saxlayır. Monarxa xain çıxanları nəhəng Parma qalasına damlayırlar, bu, elə bir qaladır ki, ora quş da səkə bilməz, oradan salamat dönüş yoxdur.
Yeni həyatı hersoginyanın ürəyincə olsa da, Fabrisionun taleyi ona rahatlıq vermir. Qraf deyir ki, Napoleon qoşununda savaşdığına görə gəncin hərbi karyera qurmağı artıq mümkün deyil, ancaq ruhani təhsili almağa razılaşsa, Moska onun gələcəkdə Parma arxiyepiskopu vəzifəsini tutmağına kömək göstərə bilər. Bibisi Fabrisionu Neapol ruhani akademiyasında oxumağa al dillə razı salır.
Orada Fabrisio heç də rahib həyatı sürmür, gözəlliyinə, yaraşığına görə qadınlar arasında ad çıxarır, fəqət onların heç birinə könül vermir. Üç ildən sonra ruhani rütbəsi alıb Parmaya qayıdır. Bu dəfə hiss eləyir ki, Cinanın ona məhəbbəti nəsə doğmalıq münasibətindən kənara çıxır.
Davamı növbəti sayımızda...
F.Uğurlu