AZ

Siyasi təzyiq, yoxsa populizm

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının deputatları Yevgeni Popov və Nikolay Valuyev Azərbaycana qarşı çirkin hücumlara başlayıb.

Misal üçün, N.Valuyev Azərbaycan diasporunun fəaliyyətini dayandırmasını, Azərbaycandan olan miqrantların deportasiya olunmasını, Federasiya vətəndaşı olan azərbaycanlıların cəbhə bölgəsinə göndərilməsini, soydaşlarımıza məxsus iri ticarət mərkəzlərinin qapadılmasını təklif edir.

Y.Popov isə, Bakıdakı “Rus evi”nin bağlanmasına cavab olaraq “Krokurs” şirkətinin və “Sadovod”un (ticarət mərkəzi) faktiki müsadirə edilməsi təklifi ilə çıxış edir. Hər kəsə məlumdur ki, “Sadovod”ın sahibi, azərbaycanlı iş adamı, professor Rəhimov Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur.

Görünən odur ki, Rusiyanın hakimiyyət eşolonunda mərkəzdənqaçma meylləri güclənib və Putinə belə əzələ nümayiş etdirilir. Onlar (oxu: sifarişlə danışan deputatlar) hətta bir qədər də irəli gedərək, məlum təyyarə hücumunda Azərbaycanı ittiham etməkdən belə çəkinmirlər.

Heç şübhəsiz burada əsas məqsəd Azərbaycan və Rusiya arasındakı münasibətlərə xələl gətirməkdir. Bu, ilk belə hadisə deyil və tarixi təcrübəyə istinad etsək, belə sifarişli hücumların az olmadığını görə bilərik. Xocalı soyqırımı, 20 yanvar qırğını, terrorçu və işğalçı Köçəryan-Sərkisyan rejiminə dəstək, bu olaylar son 35 illik tariximizdə baş verib.

Rusiya hegomonluq şakərindən qurtula bilmir və özünü bölgənin ağası kimi aparmağa çalışır. Onu unudur ki, ölkəmizi mürəkkəb geosiyasi situasiya belə qətiyyətli mövqeyindən çəkindirməyib. Bunu Qərbdə də bilirlər, Rusiyanın özündə də. "Parçala, hökm sür" siyasətinin qurbanı olan dövlətlərdən fərqli olaraq, Azərbaycan heç bir zaman kiminsə ruporu olmayıb.

Azərbaycan heç kimin daxili işlərinə burun soxmur, heç kim də onun işlərinə qarışa bilməz. Doğrudan da Rusiya Azərbaycanla münasibətlərin inkişafını istəyirsə, bundan yanadırsa, ritorikasını dəyişməli, ssenari üzrə hərəkət edən qüvvələri susdurmalı, onları dayandırmalıdır.

Şantaj, təhdid, “balanı verməsən, ağacı kəsəcəm” kimi hiyləgər və quyruqsuz “tülkü gedişləri” bizim üçün keçərli deyil və şimaldakı qonşumuz da bunu birdəfəlik başa düşməlidir.

Seçilən
55
vaxt.az

1Mənbələr