“Bəzən mənə suallar ünvanlayırlar ki, niyə ssenarilərinizə filmlər çəkilmir? Bilmirəm bu sualı niyə mənə verirlər? Bu sualı o adamlara versinlər ki, 13 ildir 3 ssenari yazmışam, film çəkmirlər. Bilmirəm niyə? Çəkilən ssenarilərdən nəyi əskikdir? Və yaxud mənim hansı filmə yazdığım ssenari zəifdir ki, onları indiyə qədər efirdə göstərirlər?”
Bunu Medianews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib. O daha sonra teatrın bugünki vəziyyətindən danışıb:
“Teatr bu dəqiqə elə vəziyyətdədir ki, məni qətiyyən maraqlandırmır. Tamaşalara getmirəm. Çünki gedib izlədiyim tamaşalardan razı qalmamışam. Hərhalda yaxşı olsaydı gedərdim. Kim istəməzdi getsin?”.
Xalq yazıçısı bildirib ki, mətbuatda onun və sədrlik etdiyi AYB haqqında qərəzli yazılar dərc olunur: “Saytlara məsuliyyətli insanlar rəhbərlik etməlidir. Hər yoldan keçən adamın cəfəngiyyatını çap etmək, efirə buraxmaq olmaz. Dahi şəxsiyyətlərə sataşırlar. İndi mən bu sözləri deyirəm, bilirəm ki, ağzıgöyçəklər nələrsə yazacaq. Yazsınlar da. Bununla mənim varlığım azalmır ki? Özləri özlərini biyabır edirlər. Özləri də olmasa nə vaxtsa övladları əziyyət çəkəcək”.
Anar dahi şəxsiyyətlərin ev muzeyinin son vəziyyətindən də danışıb:
“Cəfər Cabbarlının ev muzeyi həqiqətən də çox pis vəziyyətdədir. Mən getdim, baxdım, yazdım, Mədəniyyət Nazirliyinə təkliflər irəli sürdüm, amma hələ ki, bir şey yoxdur. O ki, qaldı atam Rəsul Rzanın ev muzeyinin fəaliyyətinə.. Hələ ki, orada təmir işləri gedir, bu işlər bitəndən sonra muzey fəaliyyətə başlayacaq”.
Əli Əsgər
Medianews.az