Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub. Manset.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, bu şikayətlərdən 185 (17%) iş üzrə intizam icraatı başlanılıb, 931 (83%) iş üzrə isə intizam icraatı başlanılmayıb: "İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6%) qeyri-dövlət təşkilatlarından və 127 (69%) isə fiziki və hüquqi şəxslərdən daxil olub". Məlumata görə, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib. "Belə ki, 41 (20%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6%) irad, 34 (17%) töhmət, 55 (27%) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16%) qiymət verilməsinin mümkün olmaması, 12 (6%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb". Ötən il Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.