Azərbaycan deputatları rusiyalı həmkarlarının təhqiredici ifadələrinə sərt reaksiya veriblər.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının üzvü Nikolay Valuyev azərbaycanlıları “şobla” adlandırıb, Yevgeni Popov isə Azərbaycan əsilli iş adamlarına hədə-qorxu gəlib. Cavab olaraq, Bakıdan olan parlament üzvləri yalnız bu bəyanatlara cavab verməklə kifayətlənməyib, həm də rusiyalı deputatların intellektual səviyyəsini və belə çıxışlar etmək üçün mənəvi haqlarını şübhə altına alıblar.
Deputat Azər Badamov Nikolay Valuyevə vaba verib: “Belə bir söz, ilk növbədə, məhz Valuyevin özünü xarakterizə edir. Hətta əgər orta statistik “şobla” nümayəndəsini bədii şəkildə təsvir etmək lazım olsa, Nikolay Valuyevin portreti bunun üçün ən uyğun obrazdır. Sadəcə bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, onun təkamülün dalana dirənmiş bir budağının nadir nümayəndəsi olduğunu və inkişafında “Neandertal”la “Homo sapiens” arasında bir yerdə ilişib qaldığını anlayasan. Valuyev kimi şəxslərin Dövlət Duması deputatı təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”.
Deputat Nizami Səfərov Yevgeni Popova yerini göstərib: “Görünür, “Kiyevskaya ploşad”, “Ukrayna” oteli və ya “Sadovod” bazarı bağlanmamış, elə Popovun özü “bağlanacaq”. Əgər təbliğatçı-deputat bu obyektlərin sahiblərinin kim olduğunu bilmir, ona gündəlik tezisləri və metodik göstərişləri göndərənlərdən soruşmağı tövsiyə edərdim.
Söhbət xüsusi biznesdən və şəxsi mülkiyyətdən gedir. Əgər “Vahid Rusiya” partiyasından olan deputatlar Rusiya vətəndaşları, o cümlədən Azərbaycan əsilli olan investorların və biznesmenlərin diskriminasiyasına çağırış edirlərsə, bu, hüquqi nihilizmdən başqa bir şey deyil. Belə tezislərin Rusiyanın hakim partiyasından olan deputatlar tərəfindən səsləndirilməsi Dövlət Dumasının tənəzzülü və acınacaqlı vəziyyətini göstərir”.