AZ

Luis Enrike 2027-ci ilədək PSJ-də! - Rəsmi

Liqa 1 nəhəngi PSJ-nin baş məşqçisi, ispaniyalı mütəxəssis Luis Enrike Fransa çempionu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə yeni müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. İspan məşqçinin Fransa nəhəngi ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. O, Paris təmsilçisini indiyə qədər ümumilikdə 86 oyuna çıxarıb. Parislilər 58 qələbə qazanıblar, 18 heç-heçə ediblər və 10 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 208:87 nisbətindədir.

Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub. Bu mövsüm isə o, Fransa Super Kubokunun ikiqat qalibi adını qazanıb.

Enrike PSJ-dən əvvəl İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” komandalarını çalışdırıb. O, “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Kubokunu qazanıb, 2015-ci ildə komanda həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FİFA Klub Dünya Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis 2018-2022-ci illərdə 2019-cu ildəki fasilə ilə İspaniya millisinə başçılıq edib.

Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümündə geridə qalmış 21 turdan sonra 53 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyicisi Marsel “Olimpik”ini 13 xal qabaqlayır.

Seçilən
63
arena.az

1Mənbələr