AZ

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

"Pinterest"in səhmləri cümə günü səhər ticarətində 18% bahalaşıb. Buna səbəb sosial media platformasının gözləntiləri üstələyən IV rüb mənfəəti və reklam biznesindəki artımla əlaqədar güclü satış proqnozu olub.  

Valyuta.Az "BusinessInsider"a istinadla xəbər verir ki, şirkət IV rübdə gəlirlərinin 1,15 milyard $-a çatdığını açıqlayıb. Bu göstərici 2023-cü ilin eyni dövründəki 981 milyon $-dan və analitiklərin gözləntiləri olan 1,14 milyard $-dan yüksək olub. Bu, "Pinterest"in tarixində ilk dəfə olaraq bir rübdə 1 milyard $ gəlir əldə etməsi deməkdir.  

Şirkətin baş maliyyə direktoru Culiya Brau Donnelli investorlarla görüşdə bildirib ki, son rübdə reklam baxışlarının sayı 43% artıb.  

"Reklam baxışlarının sayı artır, reklam verənlərə keçidlər isə reklam baxışlarından daha sürətli yüksəlir. Son iki ildə axtarış sahəmizdə reklamların uyğunluğu iki dəfə artıb", – deyə o qeyd edib.  

"BMO Capital Markets"in internet analitiki Brayan C. Pitz bildirib ki, "Pinterest"in süni intellektə əsaslanan reklam optimizasiya aləti olan "Performance+"ın I rübdə bütün reklam verənlər üçün əlçatan olması 2025-ci ildə davamlı gəlir artımına töhfə verəcək.  

"Pinterest" 2025-ci ilin I rübündə satışlarının 837– 852 milyon $ aralığında olacağını proqnozlaşdırıb. Bu, əvvəlki 833 milyon $-lıq gözləntiləri üstələyir.  

"Pinterest"in rekord həddə – 553 milyon aylıq aktiv istifadəçiyə çatması mövzusuna da toxunan şirkətin baş icraçı direktoru Bill Redi bildirib: "İnsanlar "Pinterest"dən daha çox istifadə edir, platforma heç vaxt bu qədər funksional olmayıb və bizim aşağı mərhələyə fokuslanmağımız həm istifadəçilər, həm də reklam verənlər üçün nəticə verir".  

O, investorlarla görüş zamanı qeyd edib ki, ilin sonundakı əsas bayram alış-verişi mövsümü "güclü start götürüb" və şirkətin hədiyyə bələdçisində yer alan məhsullar tətbiqdə orta hesabla 40% daha çox klik qazanıb.  

IV rüb nəticələri ilə yanaşı, "Pinterest" illik hesabatını da açıqlayıb. Şirkət burada "inklüzivlik, bərabərlik və müxtəliflik" ("DEI") təşəbbüslərinin potensial biznes riski ola biləcəyini qeyd edib. Bildirilib ki, bu kimi təşəbbüslər ikinci Tramp administrasiyasının ilk həftələrində daha çox diqqət mərkəzində olub.  

Hesabatda vurğulanıb ki, "DEI" sahəsində çox az və ya həddən artıq addımlar atılması işə qəbul, kadrların saxlanılması və hətta şirkətin səhmlərinin qiymətinə təsir göstərə bilər.  

"Diversifikasiya, bərabərlik və inklüzivlik sahəsində səylər qeyri-kafi və ya həddən artıq hesab edilərsə, istedadlı kadrları cəlb etmək və saxlamaq imkanımız məhdudlaşa bilər, istintaq, məhkəmə prosesləri və digər araşdırmalara məruz qala bilərik, nəticədə isə brendimiz, nüfuzumuz və səhmlərimizin dəyəri zərər görə bilər", – deyə hesabatda bildirilib.  

Güclü maliyyə göstəricilərindən sonra "Bernstein" investisiya şirkəti "Pinterest"in səhmlərinin qiymət hədəfini 34 $-dan 47 $-a yüksəldib. Şirkət "Pinterest"in "bütün sahələrdə uğurla fəaliyyət göstərdiyini" və "heç bir mənfi cəhətin olmadığını" vurğulayıb.  

Rəhim

Seçilən
14
valyuta.az

1Mənbələr