“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Kubokunun 1/16 finalında “Lester Siti” üzərində əzmkar ev qələbəsini şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” geri-donüş etməyi bacarıblar və oyunun təzminat müddətində (90+3-cü dəqiqə) ingilis mərkəz müdafiəçisi Harri Maquayrın vurduğu qolla “tülkülər”i 2:1 hesabı ilə məğlub ediblər.
“Biz sona qədər inanmalı idik, amma bu oyunun “Ferq-taym”la* heç bir əlaqəsi yoxdur. Mən düşünürəm ki, biz meydanda həm topla, həm də topsuz daha yaxşı davranmalıyıq.
Əvvəlcə güc-qüvvəmiz yox idi, xüsusən də birinci hissədə. İkinci hissədə biz azacıq daha yaxşı, daha çox sürətlə oynamağa, top çalımlarını qazanmağa başladıq. Vəziyyəti xeyrimizə çevirə bildik, buna görə də bu, yaxşı bir nəticədir, amma yaxşı bir oyun deyil”, – Ruben Amorim bildirib.
Xatırladaq ki, İngiltərə Kubokunun cari qalibi “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” ötən mövsüm yarışın həlledici oyununda əzəli rəqibi “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub ediblər.
*Qeyd:
“Ferqi-taym” – “Mançester Yunayted”in oyunun son anlarında qol vurması azarkeşlər arasında “Ferqi-taym” (ingiliscə əsli: Fergie Time) olaraq anılır. Bu ifadə son saniyələrdə qurtuluş və ya qələbə qollarının vurulduğu zaman kəsiyini ifadə edir. Deyim, “Mançester Yunayted”in keçmiş çalışdırıcısı, əfsanəsi şotland mütəxəssis Ser Aleks Ferqyusonun “qırmızı şeytanlar”ının oyunun son anlarında müvafiq üsulla həlledici qollar vurması ilə bağlı əfsanələşib.
Müvafiq xüsusda ən bariz nümunə UEFA Çempionlar Liqasının 1998/1999-cu illər mövsümündə “Mançester Yunayed” zəfəridir. Həmin yarışın finalında “qırmızı şeytanlar” 0:1 hesabı ilə məğlub durumda ikən, Almaniya nəhəngi “Bayern”in qapısına əsas vaxtın təzminat müddətində (90+1 və 90+3) dübarə qol vuraraq, qəniməti muzeyinə aparmışdılar.