AZ

Suriya ABŞ və Rusiya bazaları ilə bağlı şərtlərini açıqladı

“Suriyanın müdafiə naziri bəyan edib ki, Rusiya hərbi bazası ölkəyə xeyir verəcəyi təqdirdə ölkədə qala bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra ABŞ-ın “Washington Post” qəzetinə verdiyi müsahibəsində belə deyib.

Kasra Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya ilə münasibətlər, o cümlədən Suriyada Rusiya hərbi bazalarının, ABŞ hərbçilərinin qalması və PKK/YPG ilə mübarizə məsələlərində mühüm mesajlar verib.

Müdafiə naziri ABŞ hərbçilərinin Suriyadakı fəaliyyəti ilə bağlı Vaşinqton ilə danışıqların davam etdiyini bildirib. 

Murhaf Əbu Kasra dekabrda Bəşər Əsədin devrilməsindən sonra Rusiyanın yeni Suriya hökumətinə qarşı münasibətinin xeyli yaxşılaşdığını və Dəməşqin Moskvanın tələblərini nəzərdən keçirdiyini deyib.

Nazir Əsəd rejiminin müttəfiqi olan rəsmi Moskva haqqında belə deyib: 

“Siyasətdə daimi düşmənlər yoxdur”.

Kasra Rusiyanın Tartusdakı hərbi dəniz bazasını və Latakiyadakı “Hmeymim” hava bazasını saxlamağa icazə verilib-verilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Bəli, əgər Suriya bundan faydalanarsa”.

Kasra həmçinin, Suriyanın bir çox ölkə ilə müdafiə sazişləri üzərində düşündüyünü və bu ölkədəki hərbi bazaların statusu ilə bağlı həm ABŞ, həm də Türkiyə ilə həssas danışıqların aparıldığını qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, ABŞ-nin Suriyanın şimal-şərqində hərbi varlığını qoruyub saxlaması məsələsi danışıqlar mərhələsindədir.

“Hamı Trampın hakimiyyətə gəlməsini gözləyirdi. Məsələnin həlli ABŞ administrasiyası ilə Suriyanın yeni hökuməti arasında müəyyən vaxt tələb edir”.

Terror təşkilatı PKK/YPG-nin Suriyanın şimal və şimal-şərqini işğal etməsinə də toxunan müdafiə naziri qeyd edib ki, Suriya Prezidenti Əhməd əş-Şaranın məqsədi bölgəni Dəməşqin nəzarətinə keçirməkdir.

Onun sözlərinə görə, hökumət bölgədəki həbsxanalara nəzarətini təmin etmək istəyir.

“Hərbi həll hər iki tərəfdə qan tökülməsinə səbəb olacaq. Bizim qiymətləndirməmizə görə, həll sülh yolu ilə olacaq. Biz hərbi həllə meyilli deyilik”, - deyə Murhaf Əbu Kasra əlavə edib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr