AZ

Ölümü də qeyri-adi olan aktrisa

“Zərnigar xanım Azərbaycan teatrında həmişə xatırlanan simadır. O, rəngarəng aktrisa idi. Oynadığı obrazlar indi də tamaşaçıların yaddaşından çıxmır. Əgər yaşasaydı, bu il 80 yaşını qeyd edəcəkdi”. Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zərnigar Ağakişiyevanın (fevralın 8-də xatirə günüdür) sənət yoldaşları onu hörmətlə anırlar.

"Ona qarşı ədalətsiz yanaşma oldu"

Xalq artisti Nurəddin Mehdixanlı xatırlayır: “Zərnigar xanım çox istedadlı idi. Onun gözəl səsi vardı. Teatrın səhnəsində, Azərbaycan Televiziyasında çəkilən tamaşalarda fərqli və maraqlı rollar oynayırdı. Onun gözəl vokal səsi vardı. Teatrda aktyor heyəti ilə bağlı müəyyən dəyişikliklər olanda Zərnigar xanım teatrdan getdi. O dövrdə ona qarşı ədalətsiz yanaşma oldu. Təəssüf ki, teatrımızın elə bir istedadlı aktrisası teatrdan necə küsüb getdisə, bir daha geri qayıtmadı”. N.Mehdixanlı deyir ki, Zərnigar xanım həmişə üzügülər, şən idi: “Onu heç kəs heç vaxt qəmli görməzdi. Bu, hamı üçün bir tapmaca idi. O, insan olaraq heç kəsin işinə qarışmazdı, xeyirxah bir xanım idi”.

“Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi”

“Biz yaxın dost olmuşuq. O, bizə tez-tez gedib-gəlirdi”, - deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: “Mən teatra işləməyə gələndə Zərnigar xanım aktrisa kimi çox xoşuma gəlirdi. Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi. Onun oyun tərzi, səhnədəki müxtəlif obrazları tamaşaçını heyran edirdi. Zərnigarın rolları bir-birinə bənzəmirdi. Belə bir aktrisa ilə tərəf-müqabil olmaq mənim kimi gənc aktrisa üçün böyük uğur idi”. S.Quliyeva deyir ki, mərhum aktrisa ilə tərəf-müqabil olduğu ilk tamaşa “Atayevlər ailəsi” olub: “Zərnigar xanım həmin tamaşada mənim ögey anamı oynayırdı. Bu tamaşada çox qüdrətli aktyorlar çəkilmişdi. Zərnigar xanım da onlardan biri idi”. S.Quliyeva Zərnigar xanımın sənətə bir qədər gec, 30 yaşlarında gəldiyini deyir: “O, bir müddət Moskvada çalışmışdı. Bakıya qayıdandan sonra aktrisa olmaq istəmişdi. Və nə yaxşı ki, o, aktrisa olmuşdu. O, Azərbaycan mədəniyyətinə yeniliklər gətirdi, rəngarəng obrazlar qalereyası bəxş etdi. Baxmayaraq ki, o, bu sənətə gec gəlmişdi, illərlə işləyən sənətkarları da ötüb keçdi. Onun gözəl vokal səsi vardı. Qayınanam Elmira Quliyeva onun vokal müəlliməsi olmuşdu. Zərnigar xanım oynadığı obrazlarla, səs tembri, gözəlliyi ilə səhnəyə yaraşırdı. O bir az dolu xanım idi, ancaq bu da ona yaraşırdı. Çox qəribədir ki, o, ömrünün sonuna qədər pəhriz saxladı. Mən həmişə qastrollarda olanda “sən həmişə pəhriz saxlayırsan, amma heç vaxt da arıqlamırsan” deyirdim. Amma “elə bil bir az arıqlamısan” deyəndə o qədər sevinirdi ki...”

Seçilən
32
publika.az

1Mənbələr