AZ

Kristian Kuame “Fiorentina”nı “Empoli”yə dəyişdi

İtaliyanın “Fiorentina” klubunun mərkəz hücumçusu Kristian Kuame bundan sonra “Empoli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Empoli” Kristianı bu mövsümün sonunadək icarəyə götürüb. 27 yaşlı forvard cari mövsüm bitən kimi yenidən “Fiorentina”nın düşərgəsinə qayıtmalıdır.

Kristian Kuame daha öncə İtaliyada “Prato”, “Çittadella”, “Cenoa” kimi klublarda da çıxış edib. 2020-ci ildən “Fiorentina”da forma geyinən hücumçu meydana çıxdığı 151 oyunda 11 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Kuame 2021/2022 mövsümündə Belçika “Anderlext”ində də icarədə olub.

Kristian 2019-cu ilin oktyabrında debüt etdiyi Kot-d’İvuar yığmasında 30 oyuna çıxıb, 3 qol vurub.

“Empoli” “Sampdoriya”nın qapıçısı Marko Silvestrini də heyətinə qatıb. Transferin detalları açıqlanmasa da, 33 yaşlı qolkiperlə bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Marko Silvestri karyerası ərzində “Modena”, “Kyevo”, “Reciana”, “Padova”, “Kalyari”, “Lids Yunayted”, “Verona”, “Udineze” kimi klublarda da forma geyinib. O, cari mövsümün əvvəlində qoşulduğu “Sampdoriya”da 8 oyuna çıxıb, 13 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qolkiper vaxtilə İtaliyanın U-20 və U-21 yığmalarında da oynayıb.

“Empoli”də üç ayrılıq da qeydə alınıb. İtaliya klubu hücumçusu Emmanuel Ekonqu İsveçin “Malmö” komandasına satıb. A Seriyası təmsilçisi bu satışdna 1 milyon avro qazanıb. 22 yaşlı forvard yeni klubu ilə 2029-cu ilin 31 dekabrına qədər anlaşıb.

Əslən Nigeriyadan olsa da, İtaliyada dünyaya göz açmış Ekonq peşəkar karyerasına məhz “Empoli”də başlayıb. O, əvvəlki mövsümlərdə “Peruca” və “İstra”da icarədə də olub. Emmanuel İsveçin U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Empoli” 27 yaşlı qapıçısı Samuele Perisan isə “Sampdoriya”ya icarəyə verib. 23 yaşlı dayaq yarımmüdafiəçisi Luka Belardinelli də “Südtirol”a keçib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq.

Seçilən
60
arena.az

1Mənbələr