AZ

Luis Enrike PSJ ilə yeni müqaviləsindən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhəngi ilə müqaviləsini yeniləməsini şərh edərək, iddalarını ortaya qoyub.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Müqavilə müddətimin 2027-ci ilə qədər uzadılması? Mən bunu son dərəcə müsbət qiymətləndirirəm. Bir il yarım əvvəl bura gəlmiş və ilk gündən etibarən klubun bütün inamını və ixtiyarımıza verilmiş bütün vasitələri hiss etmişəm. Bir məşqçi olaraq mənə gəldikdə, yenə də yaxşılaşmaq üçün işləmək və tarixə birinci olaraq daxil olacağımızı təsəvvür etmək istəyirəm. Bu, mənim məqsədim və qərargahımın da məqsədidir. Görək, biz buna nail olacağıqmı…”, deyə 54 yaşlı mütəxəssis bildirib.

Luis Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssis Fransa nəhəngini ümumilikdə 86 oyuna çıxarıb. Parislilər 58 qələbə qazanıblar, 18 heç-heçə ediblər və 10 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 208:87 nisbətindədir.

Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub. Bu mövsüm isə Luis Enrike PSJ-nin sükanı arxasında Fransa Super Kubokunun ikiqat qalibi adını qazanıb.

Luis Enrike PSJ-yə qədər “Roma”, “Selta” və “Barselona”nı çalışdırıb. Luis Enrike “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Kral Kubokunu qazanıb, 2015-ci ildə “blauqrana” ilə UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis 2018-2022-ci illərdə 2019-cu ildəki fasilə ilə İspaniya yığmasını çalışdırıb.

Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümündə 21 turdan 53 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Seçilən
36
arena.az

1Mənbələr