AZ

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Bakı, 8 fevral, AZƏRTAC

Abşeron Milli Parkı ölkəmizdə ən kiçik milli parkdır. 783 hektarlıq ərazidə qurunu, eyni zamanda, sahil zolağını əhatə edir. Gələcək üçün nəinki Abşeronun quru hissəsinin, həm də Xəzər akvatoriyasının mühafizəsi planlaşdırılır. Çünki ölkəmizdə Xəzərsahili mühafizə olunan ərazilər var, ancaq dəniz akvatoriyalı mühafizə olunan ərazi yoxdur. Bu baxımdan da Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.

A.Babayeva bildirib ki, Abşeron Milli Parkı deyəndə insanın xəyalına təkcə flaminqo, Xəzər suitisi, nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşları gəlməməlidir. Bura Abşeron yarımadasına xas olan Bakı gəvəni və Bakı cuzğunu növlərinin yayıldığı arealdır. Onlar da kritik həddə olan növlərdir və yalnız bizim ölkəyə, Abşeron yarımadasına aid növlərdir. Vaxtilə onların sayı çox olub, sonradan həm antropogen təsir, həm də iqlim faktoru həmin növlərə təsir göstərib. Artıq həmin növlər yox olmaq təhlükəsindədir. Əgər onlar yox olarsa, yer üzündən silinəcəklər. Odur ki, burada həmin növlərin mühafizəsinə böyük diqqət yetirilir.

Seçilən
18
1
azertag.az

2Mənbələr