AZ

Tovuz Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Fevral ayının 7-də Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, YAP Tovuz Rayon təşkilatının sədri Nihad Pənahov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimzin və Tovuz Rayon Ağsaqqallar Şurasının mərhum sədri Tofiq Zeynalovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkəmizin hər bir yerində olduğu kimi Tovuz rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində, eləcə də hazırda uğurla fəaliyyət göstərən kadrların yetişdirilməsində ağsaqqalların böyük əməyi vardır. Natiq ağsaqqalların rayonun, o cümlədən ölkəmizin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edərək gənclərin maarifləndirilməsində, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu bildirib. Məmməd Məmmədov, həmçinin, Ermənistanla 69 km sərhədi olan Tovuz rayonunun ağsaqqallarının 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri yüksək fəaliyyətə və əzmkarlığa görə bir daha öz minnətdarlığını bildirib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransın gündəliyi müzakirə edilib və orada əksini tapan təşkilati məsələlər səsə qoyulub. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, uzun illər bir sıra məsul vəzifələrdə uğurla çalışan, əhali arasında yüksək nüfuz və hörmət sahibi olan Məzahir Bayramov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri, rayonun tanınmış ziyalısı və ağsaqqalı Qasım Hüseynov isə Şuranın İdarə Heyətinin üzvü seçilib.

Tovuz Rayon Ağsaqqallar Şurasının yeni sədri Məzahir Bayramov ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Bundan sonra da təşkilatın uğurlu fəaliyyəti üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq Tovuz Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvünü təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Daha sonra natiq ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan söz açıb. Əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayaraq qeyd edib ki, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun sözün əsl mənasında ağsaqqalı vardır. Ağsaqqal nəsihətinin, ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu xatırladan Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayaraq əlavə edib ki, 79 şəhər və rayon təşkilatında öz sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü, biz ağsaqqallar bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıyıq. Bayram Yusifov, həmçinin, milli mentalitetimizə uyğun ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən lazımi işlərin, tədbirlərin həyata keçirilməsini, mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlərin aparılmasını bu günün prioritet məsələsi hesab edib. Sonda natiq yeni sədrin rəhbərliyi ilə Tovuz Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı, iş avandlığı arzulayıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər tədbir iştiakçıları da Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətinin üzvünü təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr