“Qəbələ”nin belçikalı sabiq hücumameyilli yarımmüdafiəçisi Əyyub Allaş “Araz-Naxçıvan”a keçidi barədə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, o, artıq yeni komandası ilə məşqlərdə iştirak edir.
Allaş keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Elmar müəllimi “Qəbələ”dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir. Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik. Yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm.
Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra “Araz-Naxçıvan”ı bir qədər də incələdim. Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir. Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur.
“Araz-Naxçıvan”ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil. Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın.
Başqa klublardan da təklif var idi. “Araz-Naxçıvan”ı baş məşqçini tanıdığım üçün seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir. Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər.
“Kəpəz”lə matçda baş məşqçi şans verərsə, özümü oynamağa hazır sayıram. Formadayam. Düzdür, uyğunlaşmaq üçün qısa da olsa, vaxt lazımdır. Ancaq əksər futbolçuları və baş məşqçini yaxından tanıdığıma və əvvəllər onlarla birgə oynadığıma görə, bu mərhələni tez keçirə bilərəm”.
Xatırladaq ki, Moldovanın “Şerif” klubundan transfer edilmiş 27 yaşlı futbolçu “Araz-Naxçıvan”la 6 ay +1 illik müqavilə imzalayıb.
Əyyub Allaş 2023-cü ilin fevral ayından 2024-cü ilin iyuluna kimi “Qəbələ”nin uğurları üçün çalışıb. Yarımmüdafiəçi daha öncə “Virton”, “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib. Əyyub Mərakeşin U-20 milli komandasının uğurları üçün çalışsa da, əsas millidə debüt şansı qazanmayıb.