Birinci Liqa təmsilçisi “Mingəçevir”in yeni baş məşqçisi Füzuli Məmmədov ilə bəzi oyunçular arasında narazılıq yarandığı bildirilir.
Arena.az xəbər verir ki, cari mövsümdə işləri qaydasında getməyən autsayderin heyətində futbolçular Xəyal Muradovla Elnur Mirzəyevin baş məşqçi ilə mübahisə etdiyi iddia olunur.
Məsələyə aydınlıq gətirmək üçün futbolçularla və Füzuli Məmmədovla əlaqə saxlayıb, tərəflər arasında nə yaşandığını öyrənməyə çalışdıq.
Elnur Mirzəyev bunları dilə gətirdi: “Haqqımda deyilənlər həqiqəti əks etdirmir. “Zaqatala”ya qarşı keçirdiyimiz oyunda aldığım qırmızı vərəqə ilə bağlı baş məşqçi mənə etirazını bildirdi. Mən də bilirəm ki, komandamı azlıqda qoymuşam. Klubda heç kimlə dalaşmamışam, heç kimlə ağızlaşmamışam. Baş məşqçi ilə də heç bir problemim yoxdur. Fizuli müəllimlə danışdıq. Bəzi təkliflərim var. O, fikirləşəcəyini və qərarını mənə bildirəcəyini söylədi”.
Xəyal Muradov da məsələyə münasibət bildirdi: “Mənim “Mingəçevir”lə müqaviləm var. Sadəcə, zədəli olduğum üçün doğma komandama kömək edə bilmirəm. İnşallah, zədəmi bərpa edəndən sonra komanda ilə məşqlərə qoşulacağam”.
Baş məşqçi Füzuli Məmmədovun da baş verənlərlə bağlı fikirlərini öyrəndik. O, bunları dilə gətirdi: “Xəyal Muradov zədəli olduğu üçün bərpa keçir. Vəziyyəti düzələndən sonra komandaya qoşulacaq. Elnur Mirzəyev isə hələ ki, komandamızın üzvüdür. O, özü getmək istəyini bildirib. Amma hələ qərar verməmişik. Deyilənlər həqiqəti əks etdirmir”.
Xatırladaq ki, Füzuli Məmmədov yanvar ayında “Mingəçevir”ə baş məşqçi təyin olunub. Birinci Liqanın autsayderi keçirdiyi 13 oyunda 7 xal toplaya bilib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.