AZ

"Qarabağ" "dur" dedi, amma...

"Qarabağ"da 4 oyunluq "qara zolaq" Bayılda sona çatdı.

Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə ağdamlılar "Səbail"ə minimal hesabla qalib gəldi - 1:0.

Paytaxt klubu bir neçə rotasiyalarla diqqət çəkirdi. Premyer Liqa görüşlərindən fərqli olaraq bu dəfə qapıda Hüseynəli Quliyev idi.

Müdafiənin mərkəzində və orta xətdə gənc Emin Rüstəmovla Oruc Məmmədov yer almışdı. Cavid Hüseynovun gəlişindən sonra ehtiyat skamiyanın daimi sakininə çevrilən Gitay Sofir də ilk "11-lik"də yer almışdı.

Meydan sahiblərindən fərqli olaraq "köhlən atlar"ın ideala yaxın heyətlə meydana çıxdığını demək olar.

Gözləmək olardı ki, belədə son çempion parlaq qələbə qazanacaq. Darmadağın görmək ehtimalı da yüksək idi. Xüsusilə "Turan Tovuz" və "Zirə"dən alınan ağır məğlubiyyətlərin şokundan ayılmaq üçün inamlı qələbəyə ehtiyac vardı.

Amma bu şərtlər altında da alışdığımız dinamik "Qarabağ"ı görə bilmədik.

Düzdü, Qurban Qurbanovun kollektivi ilk 10 dəqiqədə müəyyən qədər təzyiq yarada bildi.

Nəticədə qol imkanları da vardı. "Səbail" qısa müddətdə həyəcanı arxada buraxıb, oyunda bərabərlik yaratmağı bacardı.

İkinci yarını üstün oynadı da deyə bilərik.

Oyundan kənar vəziyyət səbəbindən qolu sayılmadı, lehinə verilən penalı VAR ləğv etdi.

Koxalskinin ən azı 3 dəfə komandasını 100%-lik qoldan xilas etməsi də diqqətdən qaçmadı.

Hüseynovun yetirmələri göstərdiyi mübarizə əzminə görə ən azı bərabərliyi haqq edirdi.

Amma yekunda Yassin Benzianın qolu həlledici oldu.

"Qarabağ" böyük çətinlik bahasına ardıcıl məğlubiyyətlərə "dur" deyə bildi.

Amma qələbə qazandığı oyunda belə görsəndi ki, komandada eniş davam edir.

Problemlər yerində sayır. Müdaxilə mütləqdir. Hansı formada? Bunu artıq Qurbanov daha dəqiq bilər.

XANOĞLAN İMANOV

Seçilən
5
sportinfo.az

1Mənbələr