AZ

Güləş millimiz Zaqrebdə medal sayını 9-a çatdırdı

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş güləş üzrə 2025-ci ilin ilk reytinq turniri sona yaxınlaşır.

Arena.az xəbər verir ki, bu gün daha 7 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Sergey finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. İslam axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.

Xatırladaq ki, daha öncə güləşçilərimiz Zaqrebdə 7 medal qazanmışdılar.

Seçilən
81
28
arena.az

10Mənbələr