Almaniyanın Münhen şəhərində (Bavariya federal torpağı) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edib.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.
Nümayiş iştirakçıları sağçı "Almaniya üçün Alternativ" partiyasının qadağan edilməsinə çağırıblar. Etiraz dinc şəkildə keçib.
Almaniyanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib. Reynland-Pfalts və Hessen federal torpaqlarının bir çox şəhərlərində təxminən 25 min nəfər sağçılara qarşı nümayişlərdə iştirak edib. Polisin məlumatına görə, günün ikinci yarısında Gissen şəhərində 13 min nəfər küçələrə çıxıb. Darmştadtda 8 min nəfər toplaşıb. Mayntsda polis 4 min iştirakçı olduğunu qeydə alıb.
Bremen və Aşağı Saksoniyada on minlərlə insan sağçılara qarşı etirazlara qatılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hannoverin mərkəzində təxminən 24 min nəfər etirazlara qoşulub.