AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 19 Bakı şəhəri, 1 fevral 2025-ci il

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I); 2024, № 2, maddə 210, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.1-ci bəndinin birinci cümləsinə “velosipedi” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitəsini” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 1.5-ci bəndinin 1-ci yarımbəndinə “velosipedi” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitəsini” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydaları”nın 3.13-cü bəndində “parklanma yerləri” sözləri “parklanma məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1288 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”nin 1.2-ci bəndində “parklanma yerləri” sözləri “parklanma məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 440) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 3.3.2.4.3-cü yarımbəndində “parklanma yerləri” sözləri “parklanma məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 778 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.2-ci bənddə “Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində)” sözləri “Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

6.2. 1.3.2-ci yarımbənddə “pulsuz parklanma yerinin ayrılması” sözləri “parklanma məntəqələrində ödənişsiz parklanma” sözləri ilə əvəz edilsin;

6.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları (bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun), Bakı şəhərinin inzibati ərazisində isə Agentlik (bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir.”;

6.4. 2.3-cü bəndə “orqanına” sözündən sonra “, Bakı şəhərinin inzibati ərazisində isə Agentliyə” sözləri əlavə edilsin;

6.5. 2.5-ci bəndin ikinci cümləsinə “orqanı” sözündən sonra “və ya Agentlik” sözləri əlavə edilsin və “Bakı Nəqliyyat Agentliyinin informasiya sistemində” sözləri “, Bakı şəhərinin inzibati ərazisində isə Agentliyin “AYNA” informasiya sistemində” sözləri ilə əvəz edilsin;

6.6. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. Müraciətə yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin inzibati ərazisində isə Agentlik tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində müraciət etmiş şəxsə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.”;

6.7. 2.11-ci və 2.20-ci bəndlər ləğv edilsin;

6.8. 2.12.2-ci yarımbəndə “yaşayış yeri” sözlərindən sonra “üzrə qeydiyyatda olduğu ünvan” sözləri əlavə edilsin;

6.9. 2.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.17. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.”;

6.10. 2.18-ci bənddə “ərazisində müəyyən olunmuş yerlərdə” sözləri “məntəqələrində” sözü ilə əvəz edilsin;

6.11. 2.19-cu bənddə “ayrılmış parklanma yerlərində” sözləri “ödənişsiz parklanma hüququ verilmiş parklanma məntəqələrində” sözləri ilə əvəz edilsin;

6.12. həmin Qaydaya 1 nömrəli əlavə üzrə:

6.12.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

1. Bakı şəhərinin inzibati ərazisində tətbiq edilən fərdi parklanma talonunun forması


6.12.2. 2-ci hissədə “Parklanma ərazisi / koordinatları” sözləri “Parklanma məntəqələri” sözləri ilə əvəz edilsin;

6.13. həmin Qaydaya 2 nömrəli əlavə üzrə:

6.13.1. “Rayon (şəhər) İcra Hakimiyyətinə” sözlərindən sonra “(və ya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə)” sözləri əlavə edilsin;

6.13.2. “Ərizənin” mətnində “saxlamağım üçün ödənişsiz əsaslarla mənə parklanma yerinin ayrılmasına və” sözləri “parklanma məntəqələrində ödənişsiz saxlamaq üçün mənə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 1, maddə 76 (Cild I) ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın 4.1.7-ci və 5.2.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “parklanma yerləri” sözləri ismin müvafiq hallarında “parklanma məntəqələri (yerləri)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
33
xalqqazeti.az

1Mənbələr