Prezident İlham Əliyevin tələbi: Zəngəzur dəhlizinin ən düzgün variantı avtmobil və dəmir yolunun Mehri ərazisindən keçməsidir. Bu marşrut açılmasa Azərbaycanla Ermənistan ərazisində başqa sərhəd olmayacaq
Tarixi faktlar da təsdiqləyir ki, indiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları əzəli torpaqlarımızdır. Ermənistanın sonuncu etnik təmizləmə siyasətinin qurbanı olan 300 min nəfərə yaxın soydaşımızın ata-baba yurdlarına qaytması ilə bağlı konsepsiyanın hazırlanması haqqın, ədalətin bərpası deməkdir. Əslində həyati əhəmiyyətli Zəngəzur dəhlizinin açılması ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması məsələlərinin birlikdə həlli sülh sazişinin imzalanmasını sürətləndirən amillərdir. «Qərbi azərbaycanlılar o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz «Sevan gölü»” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi» sözləri ilə bir zamanlar Qərbi Zəngəzurda azərbaycanlıların əksəriyyət təşkil etdiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, XX əsrdə üç dəfə deportasiyaya məruz qalan azərbaycanlıların doğma yurdlarına qayıdışı tarixi səhvlərin düzəldilməsi zərurətini aktuallaşdırır. Amma başqalarının göstərişləri ilə hərəkət edən Ermənistanın baş naziri Nikol Paşiyan bu qayıdışın baş tutmaması üçün hər cür yalanlara əl atsa da soydaşlarımızın Qərbi Azərbaycana qayıtması mütləqdir. «Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir» söyləyən Prezident İlham Əliyev onu da vurğulamışdı ki, orada soydaşlarımızın yaşama hüququ tanınmalı və onların fəaliyyəti üçün şərait yaradılmalıdır.
Hazırda Azərbaycanın əsas tələbi Ermənistanın üçtərəfli Bəyanatda göstərilən öhdəliklərini yerinə yetirməsidir. Çox təəsüf ki, özünü Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan anlamaq istəmir ki, Zəngəzur dəhlizi açılmalı və bu yolla doğma torpaqlarına qayıdacaq yüz minlərlə soydaşımızın hüquqları bərpa olunmalıdır.
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də yeni layihələrdən bəhs edərkən Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtlərində israrlı olduğunu bildirən, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələni beynəlxalq gündəliyə salan Prezident İlham Əliyev bu yolun açılması üçün praktiki addımlar atır. «Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur» sözləri ilə Paşinyanın «sülh yol kəsişməsi»” fikrini cəfəngiyat adlandıran dövlət başçımız İlham Əliyev daşnak ideologiyasına xidmət edən bu «layihəni» belə izah edir: Azərbaycanın razılığı olmadan irəli sürülən bütün layihələr əsassızdır. Eyni zamanda, Ermənistan rəhbərliyinə məsləhət görülür ki, onun üçün kapitulyasiya aktı olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha diqqətlə oxusun. Zaman qazanmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğul olmaq vaxtı arxada qaldı. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın doğma torpaqlarına məhz bu yolla qayıtmaq hüquqları bərpa olunmalıdır. Özünü Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim etməyə çalışan Ermənistan bu məsələdə tarixi gerçəkliyə riayət etməlidir. Eyni zamanda, ATƏT, Avropa Komissiyası da Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqelərini bildirməlidirlər.
Amma rəsmi İrəvan hələ də Qərbin yalan vədlərinə aldanaraq bölgədə sabitlik üçün başlıca amil olan Zəngəzur dəhlizinin açılmasına qərbsayaq yanaşır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Qərb əyalətlərini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi bərpa olunmasa Ermənistanla sərhəd açılmayacaq. «Ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalanda dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq» söyləyən Prezident İlham Əliyev rəsmi İrəvana bir daha xatırladır ki, sülh sazişi üçün kənar müdaxilələrə, «qarant dövlət»lərlə əsassız məsləhətləşmələrə ehtiyac yoxdur.
Dayanıqlı sülh və təhlükəsizliyin təminatı üçün region ölkələrin maraqlarına uyğun humanitar siyasətini davam etdirən, Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə ilk qoşulanlardan olan ölkəmiz üçün Orta Dəhliz layihəsi Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantılara qoşulmaq baxımından çox əhəmiyyətlidir. Zəngəzur dəhlizi isə bu bağlantının coğrafiyasını daha da genişləndirəcək. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.Bu reallıqla müqayisədə Ermənistanın baş naziri Nikol Paşinyanın «sülhün kəsişməsi» kimi bəhanəsi sərsəm ideya, siyasi savadsızlıqdan başqa bir şey deyildir. Zəngəzur Azərbaycanın tarixi ərazisidir. Bu baxımdan azərbaycanlılar Zəngəzur dəhlizindən istifadə zamanı heç bir yoxlama aparılmadan keçməlidirlər. Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların inkişafına təsir edəcək bu dəhlizə başqa dairələrin nəzarəti barədə açıqlamalar gülüncdür. Yaxud piar xarakterli sayıqlamalardır. Ermənistanda dəhliz sözünə reaksiya isə fərqli olsa da həqiqət budur ki, Azərbaycanın digər bölgələrini Naxçıvanla birləşdirəcək bu dəhlizin bərpası mütləq reallaşacaq. Sabiq Prezident Bayden administrasiyası dövründə ABŞ Dövlət Departamenti rəsmiləri tərəfindən səslənən «Zəngəzur dəhlizi ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik» sözlərinə münasibətini «Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil» sözləri ilə bildirən Prezident İlham Əliyevin rəsmi İrəvandan tələbi budur: Manipulyasiyalarla məşğul olmayın!
Zəngəzur dəhlizinin açılmasına göstərilən əngəllərin başlıca səbəbi türk dövlətlərinin birliyinə mane olmaqdır. Əslində siyasi, iqtisadi baxımdan məhkum olduğu uçurumdan xilas yolu olan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nəfəsdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakı ilə İrəvan arasında sülh sazişi bağlandıqdan sonra ölkəsinin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib. Türkiyə Prezidenti Zəngəzur dəhlizinin açılmasını sülh sazişinin yekun addımı kimi də dəyərləndirib. Zəngəzur dəhlizinin bərpası ilə Türkiyə ilə Orta Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat əlaqələri yaranacaq. Beləliklə, Türkiyə ilə türk dünyası arasında fasiləsiz əlaqə mümkün olacaq. Dəhlizin bərpası ilə tarixi İpək Yolu canlandırılacaq. Bu da regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək. Qərb isə Türkiyənin regional və qlobal gücünün artmasını dünyada söz sahibi kimi nüfuzunun möhkəmlənməsini istəmir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Əldə edilən hərbi, siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm də Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan əsgəri bala Göyçənin sahilindədir. Avrop İttifaqının Mülki Müşahidə Missiyasından fərqli olaraq biz Göyçə gölünü binoklsuz görürük.
Xuraman İsmayılqızı, «İki sahil»