AZ

“Rəqəmsal məktəb” Azərbaycanın təhsil sistemində nələri dəyişəcək?

Xəbər verdiyimiz kimi, Bakı məktəblərində ilk dəfə “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Hələlik sınaq müddətində olan layihə müəllim, şagird, valideyn və direktorları əhatə edir.

Təhsil sistemində yeni nəfəs olan “Rəqəmsal məktəb” təhsilin keyfiyyətinə necə təsir edəcək?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, "Rəqəmsal məktəb" platformasına bənzər, buna məzmun və forma cəhətdən yaxın olan variantlar dünya təhsil sistemində artıq çoxdandır, tətbiq olunur:

“"Rəqəmsal məktəb" platformasına bənzər sistem Avropa, Amerika, Uzaq Şərqin inkişaf etmiş təhsil ölkələrində çoxdan tətbiq olunur və ildən-ilə yenilənir. Mən düşünürəm ki, hazırda sınaq mərhələsində işləyən "Rəqəmsal məktəb" platforması bundan sonra da hər il müəyyən yeniliklərlə ictimaiyyətin qarşısına çıxacaq. Bu layihə hazırda yalnız Bakı şəhərində, 324 məktəbi əhatə edir və hələlik 500 mindən çox şagird bu platformanın çərçivəsinə daxildir.

Təbii ki, maksimum bir il müddətinə bunun bütün ölkə təhsil sisteminə yayılması vacibdir və mütləqdir. Bu layihə, əslində, çoxdan başlanmalı idi. Çağdaş təhsilin tələbləri, çağırışları bunu xüsusi tələb edirdi. Bu, təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır. Bizdə bu layihə "Rəqəmsal məktəb" adlanır, ancaq bir çox ölkələrdə bunun heç adı yoxdur, sadəcə sistemin özü var. Bu platforma Azərbaycan təhsili adına yeni bir mərhələnin başlanğıcıdır.

Birincisi, məktəb mühitini, başda müəllimlər olmaqla kağız sənədləşmələrdən, kağız materiallardan xilas edir. Mənim ətrafımda kifayət qədər müəllim dostlarım var və hamısı yazı yazmaqdan şikayət edirdilər. Bu platforma müəllimləri kağız asılılığından xilas edəcək. Miqyası, məsafəni genişləndirəcək, məkan baryerini aradan qaldıracaq. Bunlar hamısı 10-15 il əvvəl xəyal olunan məsələlər idi. Bu illər ərzində mütləq ki, hansısa işlər görülüb, sadəcə ictimaiyyətə bu 6 fevralda keçirilən brifinqdə elm və təhsil naziri tərəfindən açıqlandı və detallar deyildi”.

Elmin Nuri qeyd edib ki, “Rəqəmsal məktəb” platforması elə hazırlanıb ki, təhsil üçbucağının hər üç tərəfini özündə əhatə edir - müəllim, şagird və valideyn:

“Rəqəmsal məktəb" də sırf bu üçbucağın tələb və prinsiplərinə görə hazırlanıb. Yəni, buradan müəllimlər də, şagirdlər də, valideynlər də ayrı-ayrı sferalardan faydalana biləcək. Müəllimlər elektron jurnalı, elektron cədvəli artıq buradan hazırlaya biləcək, kağız asılılığından xilas olacaqlar. Eyni zamanda, valideynlərlə virtual əlaqə qura biləcəklər. Bu, həmçinin, məktəb rəhbərliyi ilə, direktor və müavinləri ilə də işgüzar məsələlərə aiddir. Bundan əlavə, şagirdlərin göstəricilərini buradan yoxlamaq imkanına malik olacaqlar. Sadaladıqlarım platformadan müəllimlərin faydalana biləcəyi meyarlardır.

Şagirdlərə gəldikdə, onlar təhsilin ən böyük auditoriyasıdır və bu platformada şagirdlərə gündəlik lazım olan detallar, müxtəlif test və tapşırıqlar, vacib materiallar yer alacaq. Platformada qeydiyyatdan keçən şagirdlər bu üstünlüklərdən faydalana biləcəklər. Ən əsası, şagirdlər bu platforma ilə müəllim və valideynlərinin nəzarətində olacaqlar”.

O əlavə edib ki, valideynlər bu platformada övladlarına, onların nəticələrinə, göstəricilərinə rahat şəkildə nəzarət edə biləcəklər.

“Eyni zamanda, vaxt itirmədən müəllimlərlə münasibət qura, məktəbdəki proseslərlə bağlı müəllimlərə sual verib, cavab ala biləcəklər.

Seçilən
36
6
publika.az

3Mənbələr