AZ

Sənin rəqibin...

İsmayıl Şıxlı cəbhədən qayıtdıqdan sonra aspiranturaya sənəd verir. Həmin il İsmayıl Şıxlının seçəcəyi ixtisasa cəmi bir yer ayırıblar. Və taleyin işinə bax ki, həmin yerə yazıçı Əzizə xanım Cəfərzadə də namizəddir...

Böyük gün gəlib çatır. Hər iki rəqib imtahanda iştirak edir. Həyəcandan, yoxsa stressdən...imtahan zamanı bir sual İsmayıl Şıxlının yadından çıxır. Bunu hiss edən Əzizə Cəfərzadə cavabı kağıza yazıb ona ötürür. Nəzarətçi müəllim bunu görür və təəccüb içində deyir:

– Əzizə, nə edirsən, axı siz rəqibsiz...

– Bilirəm!

– Bəs nə üçün sualın cavabını ona ötürürsən!?

– Axı o cəbhədən gəlib...

– Nə olsun, Əzizə!? Qəribəsən...

Əzizə Cəfərzadə sakit tonda belə cavab verir:

– Həyat qəribədir, müəllim...

Bu hadisənin üzərindən bir neçə həftə keçir. Nəticələr açıqlanır. İsmayıl Şıxlı istədiyi ixtisasa qəbul olur. Ancaq bu xəbər onu sevindirmir. Əksinə, çox məyus olur. Üzülür. Düşünür ki, o, bu nəticəyə layiq deyil. O yer, bu nəticə rəqibinin - Əzizə Cəfərzadənin haqqıdır. Buna görə o, Bakıda qalmır. Rayona qayıdır. Lakin bir neçə gündən sonra ona bir məktub göndərirlər. Məktubdan belə aydın olur ki, aspiranturadakı həmin ixtisasa daha bir yer əlavə olunub. Bu, o deməkdir ki, hər iki namizəd - İsmayıl və Əzizə həmin ixtisasda oxuya bilərlər. Bu xəbəri aldıqdan sonra İsmayıl Şıxlı Əzizə xanıma bir məktub yazır. Aldığı şad xəbəri onunla bölüşür. İmtahan zamanı etdiyi fədakarlığa görə ona təşəkkür edir. Məktubun imza hissəsində isə belə yazır: “Sənin rəqibin...”

İsmayıl Şıxlı bu hadisəni sonrakı illərdə qələmə aldığı "Mənim rəqibim" hekayəsinin ideyasına çevirmişdi. Özü bu barədə yazırdı: "Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır…“Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır...

Seçilən
32
vaxt.az

1Mənbələr