Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanı İsrailin baş naziri Binyamin Netanyahunun fələstinlilərin öz torpaqlarından didərgin salınması ilə bağlı açıqlamalarını qəti şəkildə rədd etdiyini təsdiqləyib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə krallıq bəyanat verib.
“Krallıq diqqəti İsrailin Qəzzada fələstinli qardaşlara qarşı törətdiyi davamlı cinayətlərdən, o cümlədən onların məruz qaldıqları etnik təmizləmədən yayındırmaq məqsədi daşıyan bu cür bəyanatları qəti şəkildə rədd etdiyini vurğulayır”, - deyə bəyanatda bildirilib.
Krallıq, Fələstin xalqının öz torpaqları üzərində hüququnun olduğunu və onların İsrailin istədiyi zaman qova biləcəyi işğalçı və ya miqrant olmadıqlarını bildirib.
“Krallıq qeyd edir ki, bu ekstremist ideyaların tərəfdarları, ərəb ölkələrinin qəbul etdiyi sülh təşəbbüslərini rədd edərək, həqiqətə, ədalətə, qanuna və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında qurulmuş dəyərlərə və insan haqlarına məhəl qoymadan 75 ildən artıqdır sistematik olaraq Fələstin xalqına qarşı ədalətsizlik etməklə İsrailin sülhü qəbul etməsinə mane olanlardır, - deyə bəyanatda qeyd edilib.
Krallıq həmçinin, davamlı sülhün iki dövlətli həll yolu prinsipini qəbul etmədən əldə edilməyəcəyini vurğulayıb.